Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:50

Döyüşən əsgərin ayına 75 dollar verilib


Rusiyalı əsgər döyüşdə
Rusiyalı əsgər döyüşdə

Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin üzvləri bir çox hallarda pullarını ya gec, ya yarımçıq alırlar, ya da heç ala bilmirlər. Bu haqda AzadlıqRadiosuna çağırışçı, yaxud səfərbər olunmuş əsgərlərin həyat yoldaşları danışıb.

Moskvadan 300 km şimal-şərqdə yerləşən İvanovodan Yekaterina radionun rus xidmətinin “North.Realities” regional xəbər portalına deyib ki, oktyabrın 21-də səfərbər olunmuş əri Aleksandr son iki ayın pulunu almayıb.

“Pulunu istəyir, ancaq boş vədlər alır. Komandirləri deyirlər ki, sadəcə gözləməlidir, ancaq artıq iki aydır pul almır”, – Yekaterina şikayətlənir. O deyir ki, heç bir qohumunun köməyi olmadan körpə uşağın qeydinə qalmaq onun narahatlığını daha da artırır.

“Ayda 20 min-30 min rubla (($250-$380) uşaq böyütmək asan deyil, bunun bezi var, yeməyi var, başqa xərcləri var”, – o bildirir.

Əsgər sayı

Bütün Rusiya boyunca oxşar şikayətlər səslənir. Ukraynanın müstəqil Verstka media orqanı Rusiyanın 52 vilayətində, o cümlədən qanunsuz ilhaq olunmuş Krımda sosial media postlarını monitorinq edərək yazır ki, həm peşəkar əsgərlər, həm də səfərbər olunanlar, eləcə də çağırışçılar arasında pulunu ala bilməyənlər var.

Rusiya Əsgər Anaları Komitəsinin rəhbəri Valentina Melnikova “Verstka”ya deyib ki, ödənişlərin yubanmasına Rusiya hərbi bürokratiyasının əsgərlərin sayındakı artımla ayaqlaşa bilməməsi səbəb ola bilər.

“Daha öncə heç vaxt bu qədər əsgər münaqişəyə cəlb olunmayıb. Orduda indiyədək könüllülər, yaxud səfərbərlər olmayıb. Bu qədər heyətlə işləmək təcrübəsi yoxdur”, – “Verstka” Melnikovaya istinadla bildirir.

Rusiya ötən ilin sentyabrında Ukraynadakı müharibəyə görə “qismən səfərbərlik” elan edib. Bu həm kütləvi narazılıqlara, həm də on minlərlə insanın ölkədən qaçmasına səbəb olub.

Fevralda 6 min rubl alıb

Rusiyalıları müharibəyə getməyə həvəsləndirmək üçün aya 195 min rubla ($2,535) yaxın başlanğıc maaş kəsilib. Bu isə ölkənin bəzi regionlarında median maaşdan 14 dəfəyədək çoxdur.

Voloqda vilayətindən Yelizaveta “North.Realities” portalına deyib ki, 25-yaşlı əri Kirilin maaşı xeyli kəsilib, səbəb də bu göstərilib ki, yeni doğulmuş qızını görmək üçün evə gedəndən sonra alaya gec qayıtdığına görə cəzalandırılıb.

“Fevralda ona 6 min rubl ($75) verilib, qalanı kəsilib. Körpəmiz bir aylıqdır, pulumuz yoxdur”, – deyən qadın əlavə edib ki, komandirlər ərinə tam maaşının nə vaxt bərpa olunacağını deməyiblər. Maaş son aylar getdikcə azalırmış.

Cəbhədə qıtlıq

Qərb mənbələri Rusiyanın Ukraynada itkilərinin 200 minə yaxın ölü və yaralıdan ibarət olduğunu deyir. Moskva isə rəsmən 6 min hərbçinin həlak olduğunu təsdiqləyib. Müstəqil media qurumları bundan iki dəfə artıq rusiyalı hərbçinin öldüyünü hesablayıb.

Ukrayna Rusiyanın törətdiyi iddia olunan 76 mindən çox hərbi cinayəti, o cümlədən qətl, adam oğurluğu, hədəfsiz bombalaya, seksual hücumları araşdırdığını bildirir.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belova barəsində minlərlə ukraynalı uşağın Rusiyaya qanunsuz deportasiyası ittihamıyla həbs orderi çıxarıb.

Ödənişlərin verilməməsindən savayı, rusiyalı əsgərlərin bir çox hallarda döyüş üçün gərəkən ləvazimatla təmin olunmadığı, cəbhədə tibbi gərəklərin çatışmadığı bildirilir.

XS
SM
MD
LG