Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:31

Azərbaycanda uşaqlar ən çox hansı xəstəliklərə yoluxurlar?


Qızılcaya qarşı peyvəndləmə
Qızılcaya qarşı peyvəndləmə

Son günlər Azərbaycanda yüzlərlə qızılcaya yoluxma faktı qeydə alınıb. Mediada çıxan xəbərlərdən bəlli olur ki, ölkənin müxtəlif bölgələrində dörd uşaq bu xəstəlik üzündən yaşamını itirib. Uşaqlar arasında xəstəlik hallarının artması bugünlərdə parlamentdə də dartışılıb. Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, "bu gün uşaqlar arasında dispanserizasiya formal xarakter daşıyır”. O bildirib ki, uşaq ölümü artıb. "Uşaqlar ürək çatışmazlığı və s. xəstəliklərdən dünyasını dəyişirlər. Hesab edirəm ki, dispanserizasiya mexanizminə yenidən baxılmalıdır". Bəs rəsmi rəqəmlər Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı nə deyir?

Uşaq ölümləri mini ötür

Rəsmi statistikada uşaqların sağlamlıq göstəriciləri bir neçə başlıqda gözdən keçirilir. Məsələn, "körpə ölümü" statistikası bir yaşadək ölən uşaqlara dair bilgiləri əks etdirir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 959 uşaq bir yaşına çatmadan dünyasını dəyişib. Bu o deməkdir ki, ilboyu hər min yeni doğulan uşaqdan təxminən səkkiz nəfəri ölüb. Uşaq ölümü göstəricisi şəhərlərdə kəndlərdən daha yüksəkdir. Ötən il şəhərlərdə doğulan hər min uşağa düşən ölüm nisbəti 8.3 olduğu halda, kəndlərdə bu göstərici 7.3-dür.

Rəsmi statistika son illər ölkədə körpə ölümlərinin sayca azaldığını göstərir. Məsələn, 1991-ci ildə Azərbaycanda 4 min 749 körpə ölümü qeydə alınmışdı. O vaxt hər yeni doğulan min uşaqdan 40-ı ölürmüş. 2001-ci ildə körpə ölümlərinin toplam sayı 1 min 886-a enmişdu. Həmin il hər min yeni doğulana 17 körpə ölümü qeydə alınmışdı. Daha 10 il sonra, 2011-ci ildə ölkədə 1 min 903 körpə ölümü qeydə alınsa da, hər min yeni doğulana düşən ölümlərin sayı azalaraq 11-ə enmişdi. Rəsmi rəqəmlər göstərir ki, körpə ölümləri oğlan uşaqları arasında qızlara nisbətən daha yüksəkdir. Ötən il ölkədə hər min yeni doğulan oğlan uşağına 10.8 körpə ölümü qeydə alınsa da, qız uşaqları arasında eyni göstərici 9.6 olmuşdu.

Rəsmi rəqəmlər göstərir ki, körpü ölümlərinin əsas səbəbi perinatal dövrdə meydana çıxan hallardır. 2022-ci ildə ölkədə qeydə alınan 959 körpə ölümündən 392-si - 41 faizi məhz perinatal dövrdə meydana çıxan hallarla bağlı olub. Körpə ölümlərinin ən böyük ikinci səbəbi tənəffüs sistemi xəstəlikləridir. Ötən il 121 körpə ölümü (13 faiz) məhz bu səbəbdən qeydə alınıb. Azərbaycanda körpə ölümlərinə ən çox səbəb olan üçüncü xəstəlik anadangəlmə anomaliya (inkişaf qüsurları), deformasiya və xromosom pozuntularıdır. 2022-ci ildə 91 uşaq (10 faiz) məhz bu səbəbdən ölüb. İnfeksion və parazit xəstəliklər (46 nəfər), eləcə də sinir sistemi xəstəlikləri (43 nəfər) də əsas körpə ölümü səbəbləri arasındadır.

Dövlət Statistika Komitəsi beş yaşadək uşaqlarla bağlı ölüm hallarını da açıqlayır. Bəlli olur ki, ötən il ölkədə beş yaşadək uşaqlar arasında 1 min 256 ölüm faktı qeydə alınıb. Bu göstərici əvvəlki illərlə müqayisədə aşağı olsa da, 2021-ci illə müqayisədə (1 min 147) artım deməkdir.

Uşaqlar ən çox niyə xəstələnir?

Rəsmi rəqəmlərə görə, ötən il 18 yaşınadək şəxslər arasında 713 min xəstələnmə halı qeydə alınıb. Azərbaycanda uşaqlar ən çox tənəffüs orqanları xəstəliklərinə görə həkimə üz tutublar. Ötən il uşaqlar arasında qeydə alınan xəstəliklərin 43 faizi məhz tənəffüs orqanları ilə bağlı olub. Uşaqlar arasında ən çox yayılan ikinci xəstəlik isə həzm sisteminin xəstəlikləridir. Ötən il ölkədə uşaqlar arasında qeydə alınan xəstəliklərin 8.7 faizi məhz həzm sistemi ilə bağlı olub. İnfeksion və parazit xəstəliklər isə uşaqlar arasında qeydə alınan bütün xəstəliklərin 7.7 faizi qədərdir.

Göz xəstəlikləri (6.5 faiz), travma və zəhərlənmələr (5.7 faiz), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular (4.4 faiz) və sinir sistemi xəstəlikləri də (4.3 faiz) uşaqlar arasında nisbətən daha çox yayılan xəstəliklərdir.

Uşaqlar yoluxucu xəstəliklərdən necə qorunurlar?

Son günlər uşaqlar arasında qızılca xəstəliyinə yoluxma hallarının artması onları yoluxucu xəstəliklərdən qorumaqla bağlı dövlətin fəaliyyətini diqqət mərkəzinə gətirir. Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Həmin plana görə, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Söhbət Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidən gedir.

Hökumət rəsmiləri peyvəndləmə ilə bağlı uğurlu nəticələr əldə edildiyini bildirsələr də, Hesablama Palatasının uyğun araşdırmasında ölkədə peyvəndləmə ilə bağlı ciddi çağırışlar olduğu göstərilir. Özəlliklə regionlarda ciddi kadr çatışmazlığı gözə çarpır. Azərbaycanda, bir çox sosial-iqtisadi sahədə olduğu kimi, tibbi xidmətlərə çıxış imkanı baxımından da bölgələr arasında ciddi fərqlər var. Peyvəndləmə fəaliyyəti ilə bağlı araşdırma göstərir ki, bu sahədə də Bakı və digər ərazilər arasında fərqlər böyükdür. Bakı və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-bərabər paylanıb. "Pediatriya" və "Yoluxucu xəstəliklər" ixtisasları üzrə kadr təyinatları, əsasən, paytaxtın müəssisələrində gerçəkləşdirilib. Hazırda ölkə üzrə 74 Gigiyena və Epidemiologiya Mərkəzində (GEM-də) ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakantdır. Aparılan sorğularda bu boşluğun həm də əməkhaqqı səviyyəsinə bağlılığı üzə çıxıb. Deməli, gəlir imkanlarının az olması həkimlərin özəlliklə bölgələrdə bu istiqamətdə fəaliyyət göstərməsinə marağı azaldır və beləcə, ştatların yarısı boş qalır.

Hesablama Palatasının araşdırmasına görə, 2011-ci ildən bəri Azərbaycanda peyvəndlənən şəxslərə dair bilgilər "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə (VESKS) daxil edilir. Ölkədə peyvəndlənən uşaqların sayı ilə bağlı fərqli rəqəmlər var. Sözügedən sistemə daxil edilən bilgilərlə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM-in) tərtib etdiyi illik statistik hesabat forması arasında kəskin fərqlər mövcuddur. İki fərqli rəqəmin ortaya çıxmasının səbəbi özəl tibb müəssisələri tərəfindən vurulan peyvəndlərin VESKS sisteminə daxil edilməməsindən qaynaqlanıb. Bu baxımdan, Hesablama Palatası bu qənaətə gəlib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində məsuliyyətin və hesabatlılığın müəyyənləşdirilməsində çətinliklər var.

XS
SM
MD
LG