Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Uşaq evlərinin ləğvi istiqamətində ilk addım atıldı


Gəncədə uşaq evi
Gəncədə uşaq evi
Azərbaycanda övladlığa götürmə sistemi tamam dəyişəcək. Bu barədə onillik planı prezident təsdiqləyərək Nazirlər Kabinetinə göndərib

Tədbirlər planından irəli gələn işlər və sənəddə nəyin nəzərdə tutulduğu haqda Nazirlər Kabinetindən məlumat əldə etmək cəhdlərimiz baş tutmadı. QHT-lər və uşaq müəssisələrinin rəhbərlərininsə bu tədbirlər planına münasibəti fərqlidir.


Məsələn, Bakının Nərimanov rayonundakı uşaq evinin müdiri İradə Musayeva deyir ki, qapıda – uşaq evlərində qalan uşaqların problemlərini dövlət çətinliklə həll edir. Bəzən bu, heç mümkün də olmur. İndi bu uşaqlar məsələn, azı 80 ailəyə paylansa, vəziyyət necə olacaq. İradə Musayeva deyir ki, tədbirlər planına qədər də bu sahə ilə bağlı qüvvədə olan qanunlar çox yüksək səviyyədə yazılıb. Amma problem bu sənədlərdən irəli gələn tələblərə dövlət strukturlarında əməl olunmamasındadır. Ona görə də müsahibim hesab edir ki, yeni sənəd qəbul etməkdənsə, qüvvədə olan mexanizmin işləməsinə nəzarəti gücləndirmək yaxşı olardı.


Uşaqların Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun məlumatına görə isə, Azərbaycanda valideyn himayəsində olmayan uşaqların saxlanması üçün 65 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə son statistikaya görə, 23 min uşağın saxlandığını deyən müsahibim bildirir ki, bir yox, min tədbirlər planı hazırlansa da, bu sahəyə ciddi nəzarət olmasa, vəziyyət tənzimlənməyəcək. Yusif Bəkirov deyir ki, 65 müəssisədəki 23 min uşağa lazım olan ərzaqlar üçün dövlət büdcədən 18 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Amma uşaq evlərinin əksəriyyətində, xüsusən də rayonlardakı uşaq evlərində yemək menyusuna makaron, sup kimi ucuz başa gələn yeməklərdən başqa heç nə salınmır.


Yusif Bəkirov deyir ki, o kimisə ittiham etmək niyyətində deyil. Sadəcə, təşkilatın apardığı monitorinqlərə əsaslanıb deyir ki, bu sahədə həm də korrupsiya halları mövcuddur.


Nərimanov rayonundakı uşaq evinin rəhbəri İradə Musayeva deyir ki, bu sənədə qədər də istər Azərbaycan, istərsə də xarici ölkə vətəndaşları arasında ölkə qanunlarına uyğun formada övladlığa götürmə halları olub. Amma övladlığa verilən uşağın sonrakı taleyi ilə maraqlanan yoxdur. Əslində isə yerli icra hakimiyyətlərində bu sahəylə məşğul olan konkret şöbələr fəaliyyət göstərir.


Bu problemi inkar etməyən Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə deyir ki, uşaqların ailələrə verilməsi işində ciddi nəzarət olacaq. Onun sözlərinə görə, əvvəlcə uşaq evlərində 17 yaşına qədər olan uşaqların doğma ata-anasının olub-olmadığı müəyyənləşdiriləcək. Əgər bu uşaqların valideynlərinin olması təsdiqlənsə, onda həmin ailənin sosial vəziyyəti – uşaqdan imtinanın səbəbləri araşdırılacaq. Yalnız bundan sonra uşağın dövlət himayəsində, yoxsa dövlətin ayırdığı müavinətlərlə öz ailəsində yaşayacağı müəyyən ediləcək. Müsahibim bir də onu deyir ki, əgər valideyn övladından birdəfəlik imtina edəcəksə, bundan sonra həmin uşaqların başqa ailələrə övladlığa verilməsi müzakirə mövzusu olacaq.


MM-in komissiya sədri bildirir ki, istər xarici, istərsə də azərbaycanlı ailələrə övladlığa veriləcək uşaqların bu ailələrdə sonrakı vəziyyətləri də uzun müddətə nəzarət altında olacaq.

Qaldı övladlığa götürməyə görə dövlətin ailələrə verəcəyi müavinətlərin məbləğinə, Hadı Rəcəbli deyir ki, müavinətlərin məbləği müxtəlif olacaq. Yəni ailələrin vəziyyəti ilə tənzimlənəcək. Məsələn, əgər ailənin aylıq gəliri 150 min manatı keçmirsə, dövlət bu ailəyə 650 min manat müavinət ayıracaq. Hadı Rəcəbli hesab edir ki, bu məbləğ 17 yaşa qədər olan uşağın təminatı üçün yetərlidir. Amma qarantiyanı kim verəcək ki, bu məbləğ doğrudan da həmin uşağa xərclənəcək? Bəs uşaq evlərində yaşayan 17 yaşından yuxarı gənclər və yeniyetmələrin aqibəti necə olacaq? Müsahibim bildirdi ki, hələlik bu kimi sualların cavabsız qalmaması üçün iş aparılır. Hadı Rəcəbli əmindir ki, 10 ildən sonra Azərbaycanda barmaqla sayılacaq qədər uşaq evləri qalacaq.


XS
SM
MD
LG