Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

Uyğurlar arasında doğum faizi kəskin azalıb


Uyğur qadınlar
Uyğur qadınlar

Çin rəsmiləri ölkənin etnik uyğur əhalisi arasında doğum faizinin kəskin düşməsini etiraf ediblər.

The Telegraph qəzeti yazır ki, şərhçilərin fikrincə, bu etiraf Çin hökumətinin ölkənin müsəlman-türk azlığına qarşı zorakı doğum nəzarəti apardığını nümayiş etdirir.

Çinin rəsmi statiskasına görə ölkənin şimal-qərbində 10 milyon türkdilli müsəlman uyğur əhalisinin yaşadığı Sintzyan vilayətində doğum faizi üçdə bir nisbətində azalıb.

Hələ bu rəqəmlərin açıqlanmasından əvvəl Pekin uyğurların sayca artımının qarşısı almaq məqsədi ilə sərt ailə planlaması tədbirləri keçirməkdə ittiham edilirdi.

Qadınları hamilə qalmaqdan çəkindirmək məqsədilə onların cərimələr və kütləvi saxlama düşərgələrinə salınmaqla hədələndiyi xəbər verilirdi.

Qəzet yazır ki, son illərdə azı bir milyon uyğurun saxlama düşərgələrindən keçirildiyinə inanılır.

Rəsmi Pekin bu tədbirləri İslam ekstremizminə qarşı mübarizə ilə izah edir.

Lakin insan haqları qrupları bildirirlər ki, Çin hökuməti Uyğur mədəniyyətinin silinməsi və məcburi abort və sterilizasiya siyasətlərini qoşa aparır və bu “demoqrafik soyqırım” kimi qiymətləndirilməlidir.

CNN-nin reportajına cavab nələri faş edib?

Doğum faizi statistikası Sintzyandan ABŞ-ın CNN kanalaının bir reportajına cavab olaraq açıqlanıb.

CNN-in bu reportajında uyğur qadınlara qarşı qəddar rəftardan bəhs ediirdi.

Bu məqalədə üç uşaq anası iddia edirdi ki, onu sterilizasiyaya razı olmazsa düşərgəyə salmaqla hədələyiblər. Həmin qadın dördüncü övladına hamilə idi.

Çin rəsmiləri CNN-nin bu reportajına kəskin reaksiya vermişdilər.

Buna baxmayaraq rəsmi statistikadan məlum olurdu ki, regionda doğum sayı 2017-ci ildə hər 1000 nəfərə 15.88 olduğu halda 2018-ci ildə hər 1000 nəfər üçün 10.9-a düşüb.

Çin 2015-ciilədək ölkə boyunca məcburi olan “bir ailə - bir uşaq” siyasəti yürüdüb. Amma uyğurlar kimi bir sıra etnik azlıqların bir ailəsində üçədək uşağın doğulmasına icazə verilirdi.

Pekin indi bildirir ki, eyni siyasət bütün ölkə boyunca daha ciddi şəkildə yürüdülməyə başlayıb.

Hamiləliyin qarşısını alan vasitələr

Bəzi uyğur qadınlar iddia edirlər ki, saxlama düşərgələrində onlara zorla aybaşıları dayandıran dərmanlar verilir və ya cərrahiyyə yolu ilə hamiləliyin qarısını alan vasitələr yerləşdirilir.

Sintzyan rəsmilərinin CNN-ə verdiyi statistikaya görə 2018-ci ildə vilayətdə hər 100 min qadına 1000 uşaqlıqdaxili spiral düşüb.

Bu, bütün Çində ilboyu qoyulan spiral implantlarının 80 faizini təşkil edir.

Sintzyan rəsmiləri isə israr edirlər ki, 2018-ci ildə doğumların kəskin azalması vilayətdə yaşayış səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Rəsmilər hər hansı etnik azlığa hədəflənmiş doğum nəzarəti siyasətinin yürüdülmədiyini deyirlər.

XS
SM
MD
LG