Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:03

'Vaqner' qiyam qaldırsa da, Rusiya hələ də Ukraynada öldürülən muzdlu məhkumların xatirəsini yad edir


"Vaqner" muzdlu qruplaşmasının ötən ilin iyununda təşkil etdiyi iğtişaşlara baxmayaraq, bütün Rusiyada küçələrə, məktəblərə, poçt şöbələrinə və digər ictimai yerlərə Ukraynada döyüşlərdə həlak olan keçmiş məhkumların adı verilir.
"Vaqner" muzdlu qruplaşmasının ötən ilin iyununda təşkil etdiyi iğtişaşlara baxmayaraq, bütün Rusiyada küçələrə, məktəblərə, poçt şöbələrinə və digər ictimai yerlərə Ukraynada döyüşlərdə həlak olan keçmiş məhkumların adı verilir.

Rusiyanın cənubunda yerləşən Volqoqradın meriyası yanvarın 17-də şəhərin bir küçəsinə "Vaqner" qrupuna qoşulub Ukraynanın Donetsk bölgəsinin Baxmut şəhərində öldürülən keçmiş məhkum Aleksey Naqinin adının veriləcəyini açıqlayıb.

AzadlıqRadiosunun "Kavkaz.Realii" xidməti yazır ki, "Vaqner" ötən ilin iyununda qiyam qaldırsa və onun rəhbəri Yevgeni Priqojin qiyamdan iki ay sonra müəmmalı şəraitdə təyyarə qəzasında ölsə də, yerli hakimiyyətlər ölkə boyunca ictimai yerlərə Ukraynada ölən muzdlu döyüşçülərin adlarını verməyə davam edir.

Ancaq belə görünür ki, yerli məmurlar indi öz qəhrəmanlarını seçərkən onların "Vaqner" ilə bağlılığına məhəl qoymurlar. Təhlilçilər deyirlər ki, bu cür davranışın məqsədi yeni muzdluların ideoloji motivasiyasını artırmaq, onları unudulmayacaqlarına inandırmaqdır.

Mahiyyətcə muzdlu qurum?

"İstər "Vaqner", istərsə başqa qruplardan olan muzdluların qəhrəman kimi qələmə verilməsini, heç sözsüz, dövlət və [Kreml] təbliğatı dəstəkləyir, axı Rusiya ordusu müqavilələr və müxtəlif "könüllü" qurumlar sayəsində mahiyyətcə muzdlu quruma çevrilib", - siyasi təhlilçi İvan Preobrajenskinin sözləridir.

"Vaqner" qrupunun öz sıralarına cəlb etdiyi, bəziləri qorxunc cinayətlər törətdiyindən məhkum edilmiş şəxslərin arasında minlərlə adam müharibədə öldürülüb. Minlərlə keçmiş məhkumsa müharibədən azad insanlar kimi Rusiyaya qayıdıb.

Rusiyada bir çox şəhər və kənddə yerli sakinlərin xuliqan, problemli adam və cani kimi xatırladığı şəxslərin şərəfinə rəsmi tədbirlərin keçirilməsindən qəzəbləniblər. Əfv edilmiş məhkumların Ukraynada qısamüddətli xidmətdən sonra geri qayıtması da bir çox halda sosial gərginliyi artırıb.

Düzdür, Naqinin dinc yaşamı hərbi xidmətlərinin fonunda elə də gözəçarpan deyil. O, 2014-cü ildə maşını oğurlayandan sonra sahibini zor gücünə saxta satış müqaviləsi imzalamağa məcbur etdiyi üçün 7 il həbs cəzası alıb. Məhkəmə qeydlərinə görə, hakim Naqinin Çeçenistan, Gürcüstan, Suriya və Liviyada xidmət etməsini və beş hərbi medal almasını nəzərə alaraq ona güzəşt edib.

Naqin Ukraynada "Vaqner" birliyinin komandiri olub. Tammiqyaslı hücumdan əvvəlsə Ukraynanın şərqində Moskvanın təşkil edib dəstəklədiyi separatçı münaqişədə xidmət edib. Naqin Rusiya işğalı altındakı Krım ərazisində Şərqi Ukraynadan olan separatçılara döyüş təlimi verib.

Volqoqraddakı məktəbdə Aleksey Naqinin xatirə lövhəsi
Volqoqraddakı məktəbdə Aleksey Naqinin xatirə lövhəsi

"Sadə xalq diplomatiyası"

O, 2022-ci ilin mayında ağır yaralansa da, sağalandan sonra yenidən cəbhəyə dönüb. Həmin ilin sentyabrında, 41 yaşında öldürüldüyü bildirilən Naqinə "Rusiya Qəhrəmanı" adı, üstəlik, Rusiya işğalı altındakı Donetsk və Luqansk bölgələrinin administrasiyalarının ən ali hərbi mükafatı və "Vaqner" qrupunun platin ulduzu verilib.

Naqinə bölgədə böyük və təmtəraqlı dəfn mərasimi təşkil edilib. Mərasimə Priqojin və Volqoqrad bölgəsinin qubernatoru Andrey Boçarov da qatılıblar.

Daha öncə onun adı yerli məktəblərdən birindəki sinif otağına verilibmiş. Oxuduğu məktəbdə də onun xatirə lövhəsi var. Volqoqrad Dumasının deputatı Andrey Qimbatov həmin məktəbə rəsmən Naqinin adının verilməsinə çalışıb və yeni lövhəni öz puluna düzəltdirməyi təklif edib.

"Heç şübhəsiz, bu, gənc nəsildə …vətən sevgisini gücləndirməyə kömək edəcək", - Qimbatov yerli hökumətə məktubunda belə yazıb.

"Ola bilsin, bəzi ağıllı Volqoqrad sakinləri küçənin işıqlandırılmasını, səki salınmasını və düz-əməlli yol çəkilməsini təmin etmək üçün küçələrinin adının dəyişdirilməsinə qərar veriblər. Axı o boyda təmizlənməmiş qarı və zir-zibili Rusiya Qəhrəmanının adına olan küçədə qoyası deyillər ki", - Volqoqrad şəhər administrasiyasının keçmiş əməkdaşı, Ukraynaya tammiqyaslı hücum başlanandan sonra Rusiyanı tərk edən Denis Yeliseyevin sözləridir.

"Baxımsız, təmirsiz küçələrdə yaşayan diribaş sakinlərin də bir neçə ay içində küçələrinə "Rusiya Qəhrəmanı" olanların adlarının verilməsini tələb edəcəyini gözləyirəm. Gəlin buna "sadə xalq diplomatiyası" deyək", - yenə onun söylədiklərindəndir.

Krasnodar vilayətində "Vaqner" muzdlu döyüşçülərinin məzarları
Krasnodar vilayətində "Vaqner" muzdlu döyüşçülərinin məzarları

"Putin sağ olduğu müddətcə davam edəcək"

Savaşa qarşı "Dozor" hərəkatının fəalı Mariya Xudoyarova deyir ki, ictimai yerlərə ölən muzdlu adlarının verilməsi təcrübəsi Ukraynaya müdaxiləni normallaşdırma və legitimləşdirilməsinin bir hissəsi və hökumətin ümumi təbliğat alqoritminin mühüm aspektidir.

Onun sözlərinə görə, yerli məhkəmə artıq Naqinin adını öz qeydlərindən çıxarıb: "Düşünürəm ki, bu putinçi "qəhrəman"ların cinayət törətdiyini, bəzilərininsə yetərincə ciddi cinayətlərə əl atdığını insanlara davamlı olaraq xatırlatmaq vacibdir". O əlavə edib ki, gələcək demokratik Rusiyanın vətəndaşları çox düşünmədən belə məkanların adlarını yenidən dəyişdirəcəklər.

Krasnodara fokuslanan Teleqram kanalı işlədən istefada olan polkovnik Vitali Votanovski də Xudoyarova ilə razılaşır və qeyd edir ki, Rostovda Priqojinin qiyamından sonra rəsmilərin "Vaqner" döyüşçülərinə münasibəti dəyişib.

"Məncə, bu, Putin sağ olduğu müddətcə davam edəcək. Sonra aradan götürüləcək və heç kim də şikayət etməyəcək. Daha öncə Krasnodarda məhkum könüllülərin şəkilləri olan plakatlar vardı. Ancaq qiyamdan sonra onları çıxarıblar", - Votanovski AzadlıqRadiosuna müsahibəsində belə deyib və fikrini toparlayıb: "Savaşın birinci ilində - Priqojinin siyasətə qarışmadığı zamanlarda hökumət Müdafiə Nazirliyi ilə müqavilə bağlayan əsgərlərlə muzdlular arasında fərq qoymurdu. Ancaq şirkət hökumətə qarşı çıxınca, muzdluları, demək olar, unutdular".

Ötən ilin payızında Stavropolda Ukraynada öldürülən bir "Vaqner" muzdlusuna qoyulan xatirə lövhəsi istefada olan yerli polislərin etirazından sonra götürülmüşdü. Etirazçılar həmin muzdlunun keçmişdə bir polis zabitini vəhşicəsinə qətlə yetirdiyi üçün məhkum edildiyini əsas gətirmişdilər.

XS
SM
MD
LG