Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Vəkil Yalçın İmanovun cəzalandırılması üçün müraciət ediləcək


Yalçın İmanov
Yalçın İmanov

-

Daha bir vəkilin – Yalçın İmanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət olunacaq. Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxan hakim Turqay Hüseynov bu barədə qərar qəbul edib.

Məhkəmə iclasında öncə şahid qismində Aqşin Haqverdiyev dindirilib. O, Məmməd İbrahimin heç kimi döymədiyini, əksinə, onun özünü döyməyə çalışıb söydüklərini bildirib:

«HAQQI DEMƏLİYƏM»

«Mən dindar olduğuma görə yalan danışa bilmərəm. Onu da deyim ki, mən Məmməd İbrahimlə yox, Mikayıl Quliyevlə yaxın olmuşam. Əksinə, Məmməd bəylə aramızda dini baxışlarla əlaqədar həmişə gərginlik olub. Buna baxmayaraq, haqqı deməliyəm. Mikayıl Quliyev Facebook səhifəsində Məmməd İbrahimin özünü, ailəsini, oğlanlarını - burada deyə bilməyəcəyim formada - təhqir edirdi. Həmin gün də Məmməd İbrahim yaxınlaşıb dedi ki, «məni, ailəmi niyə təhqir edirsən? Sənə qarşı bu cür hərəkət eləsəm, xoşuna gələr?». Bundan sonra Mikayıl Quliyev ona hücum elədi. Mən araya girdim, Mikayılın atdığı yumruqlar mənə dəydi».

Şahid iş üzrə zərərçəkmiş qismində tanınan və Məmməd İbrahimlə Mikayıl Quliyevi ayırarkən ziyan çəkdiyi iddia olunan Məhəmməd Qurbanov və Oruc Vəliyev adlı şəxslərin, əslində, orada olmadıqlarını da vurğulayıb.

Daha sonra vəkil Yalçın İmanov həm Aqşin Haqverdiyevin, həm də ötən iclasda dindirilmiş Vüqar Abbasovun ifadələrində Mikayıl Quliyevin zərbələrinə məruz qalmaları barədə dediklərini nəzərə alaraq, onun barəsində tədbir görülməsi üçün xüsusi qərar çıxarılıb hüquq-mühafizə orqanlarına göndərilməsinə dair vəsatət qaldırdı.

«QARŞILIQLI XULİQANLIQDAN SÖHBƏT GEDƏ BİLƏR»

«Bu hadisədə Məmməd İbrahimə ittiham verildiyi kimi, xuliqanlıq varsa da, burada qarşılıqlı xuliqanlıqdan söhbət gedə bilər. Ona görə də Mikayıl Quliyev də məsuliyyətə cəlb olunmalıdır». Vəkil Yalçın İmanov belə deyib.

Vəsatət təmin olunmayıb.

Yalçın İmanov da, öz növbəsində, məhkəmə və dövlət ittihamçısının vəsatətlərə formal yanaşdığını, məsələnin mahiyyətinə varmadıqlarını vurğulayıb. Hakim Turqay Hüseynov bunu məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib.

Məhkəmə fevralın 19-da davam edəcək.

XS
SM
MD
LG