"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri, 20 milyondan artıq yeyintidə suçlanan Vidadi Muradov ev dustaqlığına buraxılsa da, öz məhkəməsinə gəlməyib. Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə özünün iştirakı olmadan baxılıb.
Vəkili deyib ki, Muradovun sağlıq durumu həddindən artıq ağırdır, o, bu vəziyyətdə məhkəmə önündə cavab verə bilməz. Müdafiəçi onun indiki halda məhkəmədə iştirakının mümkün olub-olmaması sualına cavab tapmaq üçün tibbi ekspertiza təyin olunmasını istəyib.
Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib və Muradovun tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspertizanın rəyi məlum olana qədər bu iş üzrə məhkəmə baxışı təxirə salınıb.
Xatırlatma
21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb.
Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça”nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.
Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.
Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İstintaq dövründə Vidadi Muradov və ailə üzvlərinin adlarına olan 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin "Azər-İlmə" MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.