Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:24

'Villa işi'ndə cəza istənildi


Villalar.
Villalar.

Prezidentin göstərişi ilə sökülmüş villaların yerləşdiyi «Dostluq» parkında torpaq alqı-satqısına görə həbs olunmuş üç nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə qarşı ittiham sübuta yetirilib. O, Etibar Məmmədova 11 il, Famil Quliyevə 10 il, Tərlan Hüseynova 10 il 6 ay həbs cəzası istəyib. Tərlan Hüseynov hazırda ev dustağıdır, prokuror ev dustaqlığının ləğv edilməsi və onun məhkəmə zalından həbs olunmasını istəyib.

Daha öncəki proseslərdə təqsirləndirilənlər heç bir günahları olmadığını deyirdilər. Famil Quliyev Mənzil-İstismar Sahəsinin rəisi, Etibar Məmmədov Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı olub. Tərlan Hüseynov isə daşınmaz əmlak alqı-satqısı ilə məşğul idi.

Buna da bax - 'Bilmirəm məni niyə həbs ediblər' - Villa işi

Famil Quliyev deyirdi ki, onun yeganə günahı həmin dövrdə Səbail rayonunun icra başçısının müavini olmuş Yavər Allahverdiyevin göstərişinə əməl etmək olub: «Yavər müəllim zəng eləyib dedi ki, «yaxın adamlarından bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin surətini bizə çatdır». Mən də işimi itirməməkdən ötrü onun dediklərini elədim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam».

Xatırladaq ki, İlham Əliyev ötən ilin mayında «Dostluq» parkındakı villaları qanunsuz adlandırmışdı. Daha sonra villaları musiqi sədaları altında sökdürən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 mindən çox ağac əkiləcək.

XS
SM
MD
LG