Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:31

Rusiya Xerson sakinlərinin təcili şəhərdən çıxmasını tələb edib


Ukrayna-Xerson sakinləri Krıma köçürülür.
Ukrayna-Xerson sakinləri Krıma köçürülür.

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Rusiya Dnepr çayı üzərindəki nəhənk su bəndini partlatmaq istəyir.

Ukraynanın Xerson vilayətindəki işğalçı “Rusiya administrasiyası” sakinlərdən dərhal şəhərdən çıxmağı tələb edib.

AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə Nastoyaşie Vremya TV layihəsinin yazdığına görə, işğalçı administrasiyasının Teleqram kanalında yayılan mesajda deyilir ki, “Xerson şəhərinin mülki əhalisi və mülki idarənin bütün bölmələri və nazirlikləri bu gün Dnepr çayının sol sahilinə keçməlidirlər”.

Bu çağırışa səbəb kimi cəbhədəki gərgin vəziyyət, mərmi riskinin artması və terror təhlükəsi göstərilir. Mesajda qayıqların Dnepr çayının hansı hissəsindən keçdiyi yer də göstərilir.

Rusiyanın təyin etdiyi qondarma administrasiya artıq bir həftədir ki, Xerson və regionun sağ sahil rayonlarından sakinlərin sol sahilə, mümkünsə ilhaq edilmiş Krıma və ya Rusiyanın vilayətlərinə köçməyə çağırır.

Amma şəhəri tərk etmək barədə qəti tələb ilk dəfədir edilib.

Rusiya hakimiyyəti Xerson vilayətini tərk edənləri müvəqqəti mənzillə təmin edəcəyinə də söz verib.

İşğalçı hakimiyyətin hesablamalarına görə, hazırda Dnepr çayının sağ sahilini onminlərlə adam tərk edib, amma müstəqil hesablama yoxdur. Ukrayna hakimiyyəti isə Rusiyanı əhalinin deportasiyasında ittiham edir.

Ukraynanın Teleqram kanallarında Xersonda demək olar ki, bütün Rusiya qurumlarının bağlandığı və rəhbərliyin daha əvvəl köçdüyü bildirilir.

Xersonu tərk etmə çağırışları, Ukrayna hakimiyyətinin Rusiya hərbçilərinin Kaxovka su bəndini partlada bilməsi barədə yaydığı məlumatla eyni vaxta düşür.

Bu, yaşayış məntəqələrinin, o cümlədən Xersonun bir hissəsinin su altında qalmasına səbəb ola bilər. Rusiya da öz növbəsində Ukraynanı su elektrik stansiyasını sıradan çıxarmaq istəməkdə ittiham edir.

Qeyd edək ki, Rusiya hakimiyyəti sentyabrın sonunda Xerson da daxil olmaqla Ukraynanın dörd vilayətinin ilhaqını elan edib. Amma az sonra Rusiya hərbçiləri bölgənin şimalından geri çəkilməli olub.

Ukrayna Rusiyanı Dnepr üzərindəki bəndi partlatmaq istəməkdə ittiham edir.

Ukrayna prezidenit Volodimir Zelenski bir gün əvvəl-oktyabrın 21-də bildirib ki, Rusiya qüvvələri nəhəng Nova Kaxovka su bəndinə partlayıcı yerləşdirib və onu partlatmağı planlaşdırır.

O, Qərbi bu barədə Rusiyaya xəbərdarlıq etməyə şağırıb və bunun "böyük miqyaslı fəlakətə" səbəb olacağını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski. Kiyev, 20 oktyabr, 2022
Ukrayna prezidenti Volodimir Zelenski. Kiyev, 20 oktyabr, 2022

Reuters-in yazdığına görə, hündürlüyü 30 metr, uzunluğu isə 3,2 km olan bənd, 1956-cı ildə Dnepr çayının üzərində Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi tikilib.

Bu anbar 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasını və Rusiyanın nəzarətində olan Ukraynanın Zaporijya atom stansiyasını su ilə təmin edir.

Su anbarındakı suyun həcmi təxminən ABŞ-ın Yuta ştatındakı Böyük Duz Gölünə bərabərdir.

Rusiyanın nəzarətində olan bu bəndin yıxılması, Ukraynanın Rusiya işğalında olan Xerson bölgəsinin böyük bir hissəsini dağıda bilər.

Kiyevin məlumatına görə, Kaxovka su elektrik stansiyasının dağıdılması Ukraynanın enerji problemlərini daha da artıracaq. Ukrayna hökuməti Rusiyanın raket zərbələri nəticəsində ölkənin elektrik şəbəkəsinin 1/3 -ə ziyan dəyib.

XS
SM
MD
LG