Yaponiyanın Azərbaycandakı səfirliyinin Azərbaycanda orta məktəb tikintisi üçün ayırdığı vəsaitlərin yarısından çoxu mənimsənilib. Nəticədə məktəbin tikintisi yarımçıq qalıb. Söhbət Hacıqabul rayonunun Kürsülü kəndində məktəb binasından gedir. Bu məsələ ilə əlaqədar cinayət işi başlanıb, istintaq və məhkəmə araşdırmaları gedib. Son nəticədə yeyintidə suçlu sayılan şəxsə isə cəza verilməyib.
Səfirlik bu məqsədlə "Sona" qadınlar təşkilatıyla qrant müqaviləsi bağlayıb. Razılaşmaya görə, bina bir il ərzində tikilməliydi. Bu ictimai birlik 1999-cu ildə yaradılıb, sədri də Telli Məmmədova olub. Elə yeyintidə suçlanan da 62-yaşlı Məmmədovadır.
Cəmi 25 min dollar tikintiyə xərclənib
Hacıqabul rayonu Atbulaq kənd bələdiyyəsi Kürsülü kəndində orta məktəb binasının tikintisi üçün 0.8 hektar torpaq sahəsi ayırıb. Səfirlik tikintiyə başlamaq üçün təşkilatın bank hesabına əvvəl 59 min 823 dollar vəsait köçürüb. İkinci dəfə daha 25 min 639 dollar pul köçüb. Araşdırmalar zamanı məlum olub ki, bu vəsaitin təxminən 25 min dolları məktəb tikintisinə xərclənib.
İnşaat işlərini həyata keçirmiş Vüqar Nəsirov deyir ki, məktəb tikintisində iş icraçısı olub. Dediyinə görə, "Sona"nın sədri Məmmədova ona bir neçə dəfəyə cəmi 25 min dollar pul verib: "O pulları da qəbzlə almışam. Təyinatı üzrə xərcləmişəm – tikintiyə sərf eləmişəm. Məktəbin bünövrəsi və dövrələmə divarının təxminən yarısı tikildi. Bir müddət sonra Telli yoxa çıxdı. Maliyyə çatışmazlığına görə də tikinti yarımçıq dayandırıldı...".
Nəsirov əlavə edib ki, üstündən bir xeyli keçəndən sonra Məmmədova ilə danışıb. O, xəstə olduğunu və məktəb tikintisi üçün ayrılan vəsaiti müalicəsinə xərclədiyini deyib.
Özünü qismən təqsirli bilir
Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanan Məmmədova vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf etsə də, özünü qismən təqsirli bilir. Deyir ki, tikinti gedən dövrdə səhhətində problem yaranıb, xəstəxanada müalicə almalı olub. Bu üzdən də işlərə nəzarət edib tikintini başa çatdıra bilməyib. Pulun bir hissəsini müalicəsinə xərcləmək məcburiyyətində qaldığını söyləyən Məmmədovanın sözlərinə görə, özünə sərf etdiyi məbləğ ittihamda yazıldığı qədər olmayıb. Alınmış inşaat materiallarının bir hissəsi də oğurlanıb.
59 min 823 dollarlıq birinci köçürmədən sonra Məmmədova səfirliyə hesabat təqdim edib ki, artıq 48 min 771 dollarlıq iş görülüb. Bundan sonra ikinci köçürmə olub. Amma məhkəmə-tikinti ekspertizası rəy verib ki, Kürsülü kəndində inşası başa çatmamış məktəb binasına təxminən 25 min 500 dollar pul xərclənib.
Yaponiya səfirliyi bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Səfirlik tikintinin dayandırıldığını görəndə Məmmədovanı axtarıb, amma onunla əlaqə saxlaya bilməyib. Bundan sonra Nazirlər Kabinetinə müraciət edib.
Məmmədova cəzasız qalıb
Məmmədovaya istintaq zamanı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilmişdi. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma məhkəmə ittiham maddəsini dəyişib, çünki Məmmədova həmin dövrün məzənnəsinə uyğun olaraq, 45 min 788 manatlıq mənimsəmədə suçlanırdı. 2017-ci ildə cinayət qanunvericiliyinə dəyişiklik edilməmişdən öncə cinayət işlərində 7 min manatdan yuxarı məbləğlər külli miqdar sayılırdı. Amma dəyişiklikdən sonra artıq 50 min manatdan yuxarı külli miqdar sayılır. Belə olan halda, 48 min 788 manat artıq külli yox, xeyli miqdarda mənimsəmə hesab olunur. Qanunda isə məbləğdən asılı olaraq, cəzalar da fərqlidir – xeyli miqdarda ziyan vurmaqla törədilən cinayətlərə görə cəza külli miqdarda olduğundan daha yüngüldür.
Təqsirləndirilənin vəziyyətini yüngülləşdirdiyi halda, qanunun geriyə qüvvəsi var. Bakı Ağır Cinayətlər Məhkəməsi bunu əsas tutaraq ittiham maddəsini 179.3.2-dən 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4-ə (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) tövsif edib. Əvvəlki müddətdən fərqli olaraq, bu, ağır yox, az ağır cinayətlər kateqoriyasına aiddir.
Hakimlər cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirərək Məmmədovaya cəza təyin etməyib.