Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:21

Azərbaycanın hüquq müdafiəçiləri Yaqlanda müraciət etdi


Thorbjorn Jagland, 3 avqust, 2016
Thorbjorn Jagland, 3 avqust, 2016

Konstitusiyaya təklif olunan dəyişikliklərə Venesiya Komissiyasının rəyinin alınması istənilir

«Ofisinizi Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər və planlaşdırılan referendumun Avropa Şurasının standartlarına uyğunluğu ilə bağlı Venesiya Komissiyasının rəyini almaq üçün təşəbbüs irəli sürməyə çağırırıq».

Bir qrup azərbaycanlı hüquq müdafiəçisinin Avropa Şurasının baş katibi Tornbern Yaqlanda (Thorbjorn Jagland) ünvanladığı məktubda belə deyilir.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Hüquq müdafiəçiləri hesab edir ki, təklif olunan düzəlişlərin bəziləri Avropa Şurasının demokratiya, insan hüquqları və qanunun aliliyi kimi təməl prinsiplərinə ziddir. Onların fikrincə, düzəlişlərin qəbul edilməsi ölkədə demokratiyanın daha çox boğulmasına xidmət edəcək. Dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər tarazlığını pozacaq və hakimiyyətin prezidentin əlində cəmləşməsinə gətirib çıxaracaq.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

«Vətəndaşlar referendumun nəticələri haqqında məlumatlandırılmalıdır. Hazırkı rejimin tənqidə qarşı dözümsüzlüyü, fikri ifadə etmək, toplaşmaq, birləşmək azadlığının məhdudlaşdırılması təklif edilən düzəlişlərə tarazlaşdırılmış qiymət verilməsini və referendumun keçirilməsinə qədər onların seçicilərə çatdırılmasını qeyri-mümkün edir», deyə məktubda vurğulanır.

Məktubda Konstitusiyaya dəyişiklik təkliflərinin parlamentlə razılaşdırılmadan, ictimai müzakirələr aparılmadan referenduma çıxarıldığı qeyd edilir.

Məktubu Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, hüquq müdafiəçiləri Anar MəmmədliRəsul Cəfərov imzalayıb. Müraciətə Azərbaycanı tərk etmiş hüquq müdafiəçiləri Leyla YunusEmin Hüseynov da qoşulub.

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

İyulun 18-də prezident İlham Əliyev «Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında» referendum aktı layihəsi haqqında fərman imzalayıb. Konstitusiya Məhkəməsi referendumun keçirilməsinə razılıq verib.

Ölkə başçısı referendumu sentyabrın 26-na təyin edib.

Avropa Şurasının Venesiya Komissiyasından bildirilib ki, Azərbaycan hökuməti rəy almaqdan ötrü onlara konstitusiyaya dəyişiklikləri layihəsini göndərməyiblər.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

XS
SM
MD
LG