Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

'Yandıra bilmədilər, qırmağa başladılar'


«Gecəylə meşə zolağının ətrafını hasarladılar».
«Gecəylə meşə zolağının ətrafını hasarladılar».

«Əvvəl yaşıllaşdırma işləri apardılar, hətta qazon da döşədilər. Sonra gecə-gecə yaşıllığa od vurdular, adını da qoydular ki, guya qəfil alışıb».

Gəncə prospekti, 57 ünvanında yaşayan sakinlər ərazidəki yaşıllığın məhvinin qarşısını almaqda gücsüz olduqlarını deyirlər.

««KAMAZ»LARA YÜKLƏYİB APARIRLAR»

Bir qrup sakin AzadlıqRadiosuna müraciət edib. Sakin Zaur İsrafilov deyir, yaşıllıq qəsdən yandırılıb, hazırda isə ağaclar kəsilərək bilinməyən istiqamətə daşınır: «Başa düşdük ki, bu alışma təsadüfi deyil. Bu yanğını kimsə qəsdən törədib. Nə isə, sona qədər yandıra bilmədilər. Ağacları xilas etdik. Ancaq nə olsun? Bu yaxınlarda elə gecəylə meşə zolağının ətrafını hasarladılar. İndi də ağacları qırıb «KamAZ»lara yükləyib aparırlar».

İran Mədəniyyət Mərkəzinin yanındakı başıbəlalı yaşıllıq zolağı bir neçə gündür hasarlanıb. Çoxillik ağaclar kəsilir. Sakin Mehdi Mirzəyevin sözlərinə görə, bu dəfə ağacları gecə yox, elə günorta çağı kəsirlər. Özü də hasarları elə hündür ediblər ki, içəridə nə baş verdiyini görmək üçün gərək binaların yuxarı mərtəbələrindən boylanasan: «Hansısa şirkətdir, yaşıllığı məhv edib hündürmərtəbəli bina tikir. Əvvəllər də cəhd etmişdilər, qarşısını almışdıq. Sonra gözümüzə kül üfürməkdən ötrü gətirib qazon döşədilər. Deməli, o qazona xeyli pul silindi. Sonra da od vurub yandırdılar. O yaşıllıqla bərabər bizim içimiz də yanır. Bir azdan Bakı əhli oksigen çatışmazlığından qırılacaq. Yaşıllıq qalmayıb, harada bir qarış torpaq, üzərində ağac görürlərsə, əllərində mişar, yırtıcı kimi cumurlar».

«ORADA YAŞILLIQ OLMAYIB»

Sakinlər burada hündürmərtəbəli bina tikmək həvəsinə düşən sahibkarı və şirkəti araşdırıb bir yerə çıxa bilmirlər. Çünki iş aparılan əraziyə heç bir lövhə vurulmayıb. Fəhlələrsə ağızlarına su alıb susur.

Xətai rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazidə tikinti aparan şirkətin əməlində qeyri-qanuni bir şey yoxdur. «Əlində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var. Orda yaşıllıq olmayıb. Boş ərazidir, sahibkar alıb, bina tikir. Əlindəki sənədlər əsasında fəaliyyət göstərir», – qurumdan bildirilib.

Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG