Bu vaxta qədər kompüter və oyun konsolları üçün «Harry Potter» oyununun yaradılmaması təəccüblüdür. Minioyunlar və mobil oyunlar mövcuddur. Sehr dünyasını rəqəmsal əyləncə məcrasına gətirməkdən ötrü başqa cəhdlər də olub. Ancaq bu cəhdlərin heç biri istifadəçilərin xüsusi rəğbətini qazanmayıb.
«Warner Bros. Interactive Entertainment» şirkətinin hazırladığı yeni oyunun mətbuata sızmış videolarından yüksəksəviyyəli «Harry Potter» oyununun hazırlandığını anlamaq olar.
Sehrli gücü axtarıb tapmaq
Oyunun sınağı üçün fokus qrupunun üzvü olduğunu iddia edən bir Reddit istifadəçisinin YouTube-a sızdırdığı video çox tez bir zamanda «Warner Bros.» şirkəti tərəfindən sildirilib. Ancaq «Forbes» jurnalının saytı videonun bu güzgüdə hələ də izlənilə bildiyini yazır. Sızdırılmış videonun keyfiyyəti o qədər yüksək olmasa da, hazırlanmaqda olan oyunun yüksəkkeyfiyyətli və bahalı bir layihə olduğu sezilir.
Sızdırılan video əsasında oyun haqqında bunları demək olar:
Oyunda hadisələr XIX əsrdə Sehrbazlıq Dünyasında cərəyan edir. Bu RPG tipli oyun sizin personajınızın ətrafında gedir. Unikal bacarıqları olan personaj Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbinə qəbul olunub. Beləliklə, siz Hoqvarts məktəbinə yeni gəlmiş beşinci sinif tələbəsisiniz. Gizli sehrbazlıq istedadınız var. Qədim sehrli gücü axtarıb tapmaq və tanımaq bacarığına maliksiniz.
Məktəbə gəlib çatan kimi Yasaq Meşədə qəribə hadisələr cərəyan etməyə başlayır. Qəsrin divarlarındansa xoşagəlməz hadisələr ortaya çıxır. Siz professor Elezar Fig-lə birlikdə həm sizə tanış olan, həm də əvvəllər heç görmədiyiniz yerlərlə səfərə çıxırsınız. Məqsədinizsə bu əcaib hadisələrin arxasında nəyin durduğunu ortaya çıxarmaqdır.
Oyun gedişində iksirlər hazırlayacaq, yeni tilsimlər quraşdıracaq, fantastik varlıqlar aşkar edəcəksiniz. Burada qara cadugərlər, qoblinlər və başqa fövqəltəbii düşmənlərlə vuruşub taleyinizlə bağlı həqiqəti üzə çıxarmağa çalışacaqsınız. Bir sözlə, Sehrbazlıq Dünyasının taleyi sizin əlinizdədir.
Oyunda mərhələlər:
8 fərqli cadugər tipindən birinə çevrilmək üçün Hoqvartsa səfər edirsiniz. Hoqvartsla tanış olur, yeni dostlar qazanır, yeni sirlərlə tanış olur, Cadugərlik Dünyasının taleyini dəyişirsiniz.
Usta sehrbaza saysız-hesabsız imkanlar açan yeni sehr sistemi ilə tanış olursunuz.
Cadugərlik Dünyasını ilk dəfə sərbəst gəzib öyrənirsiniz.
Hoqvartsda evinizi və dostlarınızı seçir, xeyir, yoxsa şər yolu ilə gedəcəyinizə qərar verirsiniz. Öz cadugər, yaxud sehrbazınızı yaradaraq kitablar və filmlərdəkindən tamamilə fərqli hekayənin içinə düşürsünüz.
«Harry Potter» fanatlarının oyunu
Beləliklə, bu, hər bir «Harry Potter» fanatının həvəs və həyəcanla oynayacağı bir oyuna bənzəyir.
Bir daha qeyd edək ki, «Harry Potter» bu vaxtadək oyun industriyasının müraciət etmədiyi mövzu olub.
Bəs «Warner Bros.» müdriklik və sehr qaydalarını necə işləyib? Forbes.com yazır ki, oyun müəllifləri güclü döyüş və oyun sistemi yaratmaqdansa, Tolkien-in «Orta Yer» (Middle-earth) və «Mordorun kölgəsi/Müharibə» (Shadow of Mordor/War) oyunlarının qarışığına müraciət ediblər. İndi oyunda bizim rəqibimiz qətl maşınımı olacaq, qadağan edilmiş sehrmi işlədəcək? Xeyrə qulluq edən cadugərlər üçün öldürməyin qəbuledilməz olduğunu nəzərə alsaq, döyüş necə baş verəcək? Müxtəlif Hoqvarts sülalələri necə oynayacaq?
Maraqlıdır ki, siz məktəbə 5-ci sinifdən qatıldığınızdan Potter-in özü kimi naşı deyilsiniz. Hər halda, bu yaxşıdır. Çünki məktəbin ilk illərində uşaq oyunları oynamaq maraqsız olardı. Beşinci sinfə çatdığınıza görə siz artıq çoxlu sehrbazlıq bilik və bacarıqlarına yiyələnmisiniz. Ancaq hələlik, sizə bu bilik və bacarıqları Hoqvartsdan kənarda işlətməyə icazə verilmir.
BBC müxbiri Lizo Mzimban-ın sözlərinə görə, oyun «Harry Potter: Magic Awakened» (Harry Potter: Oyanmış sehr) adlanacaq. Ancaq bu məlumat, hələlik, təsdiqlənməyib. Əslində, «Warner Bros.» oyunu ictimaiyyətə açıqlayana qədər oyunla bağlı bütün bilgilər havadan asılı qalacaq. Sözügedən videonun reallığına gəlincə isə, forbes.com yazır ki, onun saxta olması ehtimalı, demək olar ki, yoxdur.