Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Yeni tikililərdə mənzil fırıldağının növbəti qurbanları


Mənzil
Mənzil

Bakıda yeni tikilən çoxmərtəbəli binalardan mənzil almaq istədikləri halda, əllərindəki pulu da itirən vətəndaşların sayı yetərincə çoxdur. Onları aldadan şirkət rəhbərlərinə tikintiyə icazəni dövlət orqanlarının verdiyini nəzərə alaraq, hökumətdən problemlərinin həllinə yardım istəyirlər. Zərərçəkənlər müxtəlif məmurların qəbuluna düşməkdən tutmuş, dövlət strukturlarının binaları qarşısında etiraz aksiyasına qədər müxtəlif üsullardan istifadə ediblər. Aldadılan vətəndaşlar üçün çıxış yolu kimi, onları başqa tikinti şirkətinə yönəldiblər. Ancaq bir çox hallarda yeni şirkətin şərtləri həmin vətəndaşları qane etmir. Onlar iyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıblar.

«Şərur» da problemlərini həll etməyib...

Məhkəmədə «Yeni Yasamal» Mənzil-Tikinti Kooperativinin rəhbəri, «Yüksəliş-C» MMC-nin direktoru Cahangir Alışovun, onun səlahiyyətli nümayəndəsi, hüquqşünas Habil Fətəliyevin işinə baxılır. Onlar onlarla vətəndaşı mənzil satmaq adıyla aldadıb, onların pulunu mənimsəməkdə suçlanırlar.

Zərərçəkənlərdən Ruhiyyə Rəsulova deyir ki, «Yüksəliş»in inşa etdiyi binadan birotaqlı ev almaq üçün 33 min manat pul verib. Sonradan eşidib ki, pulunu ödədiyi mənzil başqa adama satılıb: «Mən bu evi vasitəçi ilə almışdım. İstintaq vaxtı həmin vasitəçi Zaur 3 min manatı qaytardı, dedi ki, ona çatan məbləğ bu qədər olub. Qalanı şirkətə ödənilib».

Təqsirləndirilən Habil Fətəliyev deyib ki, bu zərərçəkənin də pulu qaytarılacaq. Hakim bildirib ki, xeyli vaxtdır bu vədi verirlər, amma, hələlik, heç bir zərərçəkən pulunun ödənildiyini deməyib, bu barədə ərizə təqdim etməyib.

H.Fətəliyev isə artıq 81 nəfərlə razılığa gəldiklərini söyləyib.

Bu zaman prokuror məhkəmə iştirakçılarına məlumat verib ki, zərərçəkən şəxslər «Şərur» MTK-ya yönəldilir. Bu şirkətdə isə onlardan əlavə pul tələb olunur. Zərərçəkənlər «Yüksəliş»dən mənzilin kvadratmetrini 400 manata alıb, pulunu da ödəyib. «Şərur» isə mənzilləri kvadratmetri 900-1250 manata satır. Bu əsasla adamlardan mənzil üçün əlavə ödəniş istənilir: «Bu, ziyanın ödənilməsi hesab oluna bilməz».

Təqsirləndirilən şəxslər isə bu fikirlə razılaşmayıb. Deyiblər ki, zərərçəkənlər təmirsiz mənzil üçün pul ödəmişdilər. «Şərur»un təklif elədiyi mənzillər isə təmirlidir, bu üzdən qiyməti də daha bahadır.

«Onlara təmirli demək olmaz»

Zərərçəkənlər də «Şərur» MTK-nın təklifi ilə razılaşmadıqlarını bildiriblər: ««Şərur» bizə 1250 manata ev təklif edir. Bu, bizi qane eləmir. Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata «Elmlər Akademiyası»ndan ev alır. Divara rəng vurmaqla ev təmirli olmur. Bir nəfər gedib həmin evlərə baxsın. Görün, ona təmir demək olar, yoxsa yox...».

C.Alışov və H.Fətəliyev paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə satıb, ümumilikdə 1 milyon 644 min manat pulu ələ keçirməkdə suçlanır. Bundan başqa, onlar Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrar 11 nəfərə satıb, 587 min manat pulu mənimsəməkdə ittiham olunurlar.

C.Alışov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyev isə 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

C.Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni mənzili bir neçə nəfərə satmaqda suçlanır. Həm atası, həm də H.Fətəliyev onun məhkəməsində ifadə verərək, bu işlərdə təqsiri olmadığını deyiblər.

XS
SM
MD
LG