Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:53

Yuliya Navalnaya: 'Üç gün bundan əvvəl Putin mənim ərimi öldürüb'


Yuliya Navalnaya
Yuliya Navalnaya

Kremlin tənqidçisi Aleksey Navalnının sürgündə olan xanımı bəyan edib ki, “biz öz ölkəmiz uğrunda mübarizəmizi davam etdirəcəyik”.

Yuliya Navalnaya Avropa İttifaqı liderlərinin qarşıdan gələn görüşündən əvvəl çıxış edərək beynəlxalq birliyi bu mübarizədə dəstəyə çağırıb.

Navalnının ölümü ilə bağlı Rusiyada və ölkənin xaricində hiddət getdikcə artmaqdadır. Rusiya hakimiyyət orqanları Navalnının cənazəsini onun anasına və vəkillərinə göstərməkdən imtina edirlər.

Yuliya Navalnaya X platformasında paylaşdığı iki dəqiqəlik videoda deyir:

"Üç gün bundan əvvəl Vladimir Putin mənim ərim Aleksey Navalınını öldürüb”.

Navalnının ölüm xəbəri yayılanda Yuliya iki uşağı ilə birlikdə artıq Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə gəlmişdi.

Navalnı “Ağ ayı” adı ilə tanınan Arktika koloniyasında iddia olunan ekstremizm ittihamı ilə 19 illik cəzasını çəkirdi. Navalnı və tərəfdarları bu ittihamın siyasi motivli və qondarma olduğunu, siyasətçinin antikorrupsiya fəaliyyətinə g]rə qisas olduğunu deyirdilər.

Navalnaya videoda deyir ki, ərinin mübarizəsini davam etdirəcək.

O dəstəkçilərini Kreml’ qarşı əvvəlkindən daha əzmkarlıqla mübarizəyə çağırıb və deyib ki, “azad Rusiyada yaşamaq üçün darıxıb”.

Navalnaya Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirləcək iclasına da dəvət olunub.

Sanksiyaların kəskinləşdirilməsinə çağırış edilir

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Aİ nazirlərinin görüşündən əvvəl deyib ki, Navalnının ölümünün ardınca Rusiyaya qarşı sanksiyaları ən azı “kəskinləşdirmək” lazımdır.

Aİ artıq indiyədək Rusiyaya qarşı sanksiyaların 12 paketini qəbul edib və hazırda, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin ikinci ildönümündə 13-cü paket üzərində işləyir.

Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya səfiri nazirliyə dəvət olunacaq və ona Navalnının ölümünü ən sərt şəkildə pisləyən, Rusiyada siyasi səbəblərlə məhbus edilənlərin hamısının azadlığa buraxımasını tələb edən etiraz təqdim ediləcək.

Kansler Olaf Şoltsun ofisi fevralın 18-də ayrıca olaraq Navalnının hansı şəraitdə öldüyünün aydınlaşdırılmasına və onun cənazəsinin ailəsinə verilməsinə çağırmışdı.

Kreml “rəsmi sükutunu” pozub...

İllər boyunca Navalnının adılnı belə çəkməməyə çalışan Kreml fevralın 19-da rəsmi sükutunu pozaraq bildirib ki, hazırda Rusiya qanunlarına müvafiq şəkildə araşdırma aparılır.

Bəyanatda deyilir ki, onun cənazəsinin nə vaxt veriləcəyi isə Kremlin baxdığı bir məsələ deyil.

Moskva Navalnının ölümü ilə bağlı Qərbdə qalxmış hay-küyü “qətiyyən qeyri-məqbul” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatın ardınca verilən bütün suallara “əlavə edəcəyim heç nə yoxdur” deyib.

“Bu siyasi qətl tərpəniş nöqtəsi olmalıdır”

Siyasi təhlilçi Yekaterina Şulman AzadlıqRadisuna müsahibəsində deyib ki, Navalnı, Rusiyada və onun hüdudlarından kənarda “müqayisəolunmaz mənəvi kapitala” sahib idi:

"Onun ümumrusiya və ümumdünya miqyasında şöhrəti vardı. Onun mənəvi nüfuzu və uzun siyasi bioqrafiyası vardı. Bu heç kimə kənardan verilmir və tez bir zamanda qazanılmır”.

Şulman Navalnıya olan “möhtəşəm etibardan” və onun illər boyunca korrupsiyanın təhqiq olunmasından, seçki kampaniyalarından və siyasi təşkilatçılıqdan əldə olunmuş “siyasi kapitalından” danışıb:

"Yəqin ki, siyasi sui-qəsd adlandırılan bu hadisə təkcə müxalifət üçün deyil, çünki müxalifət hakimiyyət uğrunda mübarizə aparan adamlardır və biz indi heç o situasiyada da deyilik, ən başlıcası Rusiya daxilində antimüharibə icması üçün tərpəniş nöqtəsi olacaq”.

Fevralın 19-da Peskovun bəyanatından əvvəl prezident Vladimir Putin Navalnının ölümü barədə heç bir bəyanatla çıxış etməyib.

XS
SM
MD
LG