Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:42

Cahangir Hacıyevin bacısı: Göstəriş 'burdan' gedib


Zamirə Hacıyevanın milyonlarla dollarlıq mülkiyyəti barədə Times qəzeti də yazıb
Zamirə Hacıyevanın milyonlarla dollarlıq mülkiyyəti barədə Times qəzeti də yazıb

Rəsmilər bu haqda nə deyirlər

Prezidentin köməkçisi Əli Həsənov vaxtı olmadığını söyləyərək AzadlıqRadiosunun sualını dinləməyib.

Yeni Azərbaycan Partiyasından deputat Məlahət İbrahimqızı mövzudan xəbərsiz olduğunu, ümumiyyətlə, Zamirə Hacıyevanı tanımadığını deyib.

AzadlıqRadiosu deputatdan soruşub: «Sizcə, Əliyevlərlə bağlı araşdırma aparılması mümkündürmü və hakim ailə həmin mülklərin necə əldə edilməsi haqda Britaniya hökumətinin suallarını cavablandıra biləcəkmi?». M.İbrahimqızı sualı dinlədikdən sonra yenə də «mövzudan xəbərsizəm» deyərək söhbəti yarıda kəsib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da mövzudan xəbərsiz olduğunu söyləyib. Hakim ailə ilə bağlı araşdırma ehtimalına münasibəti isə qısa olub: «Azərbaycana qarşı, onun rəhbərliyinə, prezidentinə qarşı qeyri-obyektiv ittihamları dəfələrlə görmüşük. Bu da deyəsən, həmin silsilədəndir».

+++

Cahangir Hacıyevin ailəsi Zamirə Hacıyeva haqqında səslənən ittihamları qəbul etmir. Keçmiş bankirin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna «bunlar hamısı böhtandır, quramadır» deyir. O hətta iddia edir ki, Z.Hacıyeva ilə bağlı göstəriş Azərbaycandan verilib: ​«Zamirə məhkəməyə getməzdən qabaq onun Londondakı evinə burdan çek, sənəd göndərmişdilər. Cahangirlə bağlı ittihamlar ora göndərilmişdi. Ona görə də birinci Zamirənin işinə baxıblar».

Ə.Hacıyeva «burdan» deyəndə kimi nəzərdə tutur? O cavab verir ki, bilmir, amma «bu tərəfdən getmişdi»: «Necə ki birinci gündən Cahangiri qurban seçdilər, hər şeyi onun üstünə atdılar, artıq başqa adam lazım deyildi. Qoy baxsınlar kimlər iri məbləğli kreditlər götürüb, kimlərin başqa ölkələrdə villaları var. Cahangirin özünün biznesi vardı. Beynəlxalq Bank kommersiya qurumudur, ona görə bizneslə məşğul olmağa haqqı vardı. Bura gələnə qədər də bizneslə məşğul olub. Bu vəsaitlər bizim Beynəlxalq Bankdan gedən vəsaitlər deyil. 15 il bizneslə məşğul olan adam Londonda bir dənə ev ala bilməz?».

O, qardaşı arvadının təxminən 55 milyon dollara təyyarə alması haqda deyilənləri də rədd edir: «O təyyarənin söhbəti Cahangir həbsə düşən birinci gündən gedir, burdan Mütəşəkkildən (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur – red.) bir dəstə adam getmişdi ora. Nə təyyarə tapıldı, nə də bir dənə pul. İndi bizim zamanda bütün ofşorları yoxlayıb kimin orda çirkli pulları olduğunu, kimin onları yuduğunu asanlıqla tapmaq olar. Mən bunu bacı kimi demirəm. Cahangir Beynəlxalq Bankdan bir manat oğurlamayıb. Londondakı evi də oranın bankından kredit götürərək alıb, öz biznesindən qazandığı pulla. Tapaydılar təyyarəni. Tapsaydılar, heç olmasa, şəklini çəkərdilər, sənəd, sübut təqdim edərdilər».

Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Ə.Hacıyeva qardaşı arvadıyla hər gün əlaqə saxladığını deyir, baş verənləri isə «ürəkbulandıran iş» adlandırır: «O da deyir ki, gec-tez bunların bütün işlərinin üstü açılacaq».

Zamirə Hacıyevanın aqibəti daha kimləri gözləyir

“UWO (“İzahedilməmiş Sərvət Sərəncamı”) vasitəsilə– Böyük Britaniya ərazisində müəyyənləşdirdiyimiz 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyini gözləyirik. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir, məsələn, Azərbaycanın hakim ailəsi kimi. Onları mümkün UWO namizədləri kimi göstərmişik, gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olduqları görünür”, – bunu AzadlıqRadiosu-na “Transparency International” şəffaflıq təşkilatından Ben Cowdock deyib.

Qeyd edək ki, Britaniya hökuməti bu ölkədə mülkiyyət sahibi olan ofşor şirkətlərin əsl sahiblərinin adları olan reyestr açıqlamaq öhdəliyi götürüb.

Hazırda Böyük Britaniya ərazisində 86 min mülkün sahibi gizli şirkətlərdir. Bu baxımdan belə bir reyestrin açıqlanması hüquq-mühafizə orqanlarına, jurnalistlərə, vətəndaş cəmiyyətinə imkan verəcək ki, bu şirkətlərin arxasında kimlərin durduğunu üzə çıxarsın, hüquq-mühafizə orqanlarının araşdırmalarına yardım göstərsin”, – Ben Cowdock bildirir.

UWO – “İzahedilməmiş Sərvət Sərəncamı” Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Bu qanun həmin şəxsləri sərvətlərini açıqlamağa məcbur edir. Şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

***

Britaniyada Azərbaycanlı bankir Cahangir Hacıyevin xanımının milyonluq mülklərə necə sahib olması araşdırılır.

Guardian və Times yazır ki, bankirin xanımı Zamirə Hacıyeva Londonda 15 milyon dollarlıq mülkünü xilas etməyə çalışır.

O, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olub. Media yazır ki, o özəl təyyarədən istifadə edib, bahalı şərablar içib, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən 35 kredit kartından istifadə edərək lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərcləyib.

O təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərcləyib. Zamirə Hacıyevanın 55 milyon dollara şəxsi təyyarə aldığı da üzə çıxıb. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

Britaniyanın hüquq-mühafizə orqanları bu xanımın milyonluq mülkiyətə necə sahib olduğunu sorğu-sual edir. Hacıyevadan tələb olunur ki, pulun mənbəyini açıqlasın. Xanım bu tələbdən məhkəməyə müraciət etsə də uduzub və indi pulun mənbəyini açıqlamalıdır. Pulların mənbəyi açıqlanmasa onun mülkləri əlindən alına bilər.

BBC yazır ki, Zamirə Hacıyeva özünün günahsız olduğunu bildirib. Onun vəkilləri Ali Məhkəməyə deyiblər ki, “o və əri Azərbaycanda böyük ədalətsizliklə üzləşiblər, Azərbaycanın korrupsioner hakim ailəsi ilə araları pozulub və bunun altını çəkirlər”.

Zamirə Hacıyeva deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri olub və var-dövlət qazanıblar.

Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi. 2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman o da həbs edilib.

O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib. Hacıyev və onun yaxınlarının, o cümlədən həyat yoldaşı Zamirə Hacıyevanın və digərlərinin adlarına plastik kartlarla milyonlarla manat həcmində kreditlər verilib.

XS
SM
MD
LG