Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

'Vüsal Ələkbərov işi': Sərhəd Qoşunlarının 'Texnikabank'da...


Texnikabank.
Texnikabank.

MTN-in keçmiş müstəntiqi, nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov onun haqqında həbs qərarı çıxaran və sonradan həbs müddətini uzadan hakimlərdən narazıdır. O, martın 2-də keçirilən məhkəməsində bu narazılığını dilə gətirib.

Vüsal Ələkbərov deyir ki, onun bir MTN əməkdaşı kimi hərbçi statusu var. Ona görə də indi işinə Bakı Hərbi Məhkəməsi baxır. Haqqındakı həbs-qətimkan tədbirinin seçilməsinə də hərbi məhkəmə baxmalı idi, amma belə olmayıb. Həbs qərarını Səbail Rayon Məhkəməsinin hakimləri çıxarıb: “Mən 1 il 6 aydır həbsdəyəm, indiyədək heç kimdən şikayət etməmişəm. Amma bundan sonra şikayət etməyə başlayacağam”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Zərərçəkənlər daha bir generalın həbsini istəyir

Keçmiş MTN müstəntiqi etiraz etdiyi hakimlər sırasında Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun da adını çəkib.

Vüsal Ələkbərov tərəfindən saxta cinayət işi ilə həbs olunduğunu, iki milyon manatı əlindən alınandan sonra azadlığa buraxıldığını iddia edən zərərçəkmiş Hüseyn Səfərov da məhkəmədə iştirak edib. O, MTN polkovnikinin yadına salıb ki, vaxtilə onun təqdimatı ilə barəsində həbs-qətimkan tədbirini də həmin Rauf Əhmədov seçmişdi: “Bunların hamısı bir yuvanın quşlarıdır. Rauf Əhmədov həmin hakimdir ki, Vüsalın təqdimatı ilə, saxta cinayət işi əsasında mənim barəmdə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar çıxartdı. Deməyim odur ki, vaxtında elədikləri indi öz başına gəlir. İndi də burada işinə obyektiv baxılmamasından gileylənir, bizi böhtançı adlandırır. Deyəsən, bir Vüsal Ələkbərov yaxşıdır, bir də rəhbəri Eldar Mahmudov...”.

Buna da bax:​ General zərərçəkənləri 'leşyeyən qarğa' adlandırdı

“MTN-də Zal Yusifovun başını tutub stola dirəyirdi ki...”

Vüsal Ələkbərov hazırda Bakı Hərbi Məhkəməsində onun işinə baxan, Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına da etiraz edib. O, hakimlərin məhkəməni obyektiv aparmadığını, zərərçəkmiş kimi tanınan şəxslərə tərəfkeşlik etdiyini söyləyib.

Siyavuş Hacıyev bu iradla razılaşmayaraq, məhkəmə araşdırmasının obyektiv aparıldığını deyib.

Zərərçəkən Hüseyn Səfərov bu məsələyə də münasibət bildirərək deyib ki, vaxtilə adamların başına oyun açan Vüsal Ələkbərov indi özü hüquqlarının pozulmasından şikayətlənir: “Bu, həmin Vüsal Ələkbərovdur ki, Zal Yusifovun (“Texnikabank”ın “Bakı” filialının keçmiş müdiri, hələ də həbsdədir - red.) başını əli ilə tutub stola dirəyirdi, etirafedici ifadə verməsini tələb edirdi. Vüsal Ələkbərov saxlanılan şəxslərdən bu yolla yalan ifadələr almağa çalışırdı. O, belə müstəntiq olub”.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Sərhəd Qoşunlarının “Texnikabank”dakı hesabında olan böyük vəsaiti bank rəhbərliyi ilə MTN-in əlbir olub mənimsədiyini iddia edən Hüseyn Səfərov bu haqda Azərbaycan prezidentinə ətraflı məktub yazdığına diqqət çəkib.

“Uşaqlarımın mənə ehtiyacı var”

Vüsal Ələkbərovun işində zərərçəkənlərdən biri də “Texnikabank”da 623 min avro əmanəti batan Mehrac Qurbanovdur. MTN “Texnikabank”la bağlı araşdırma apararkən, bu bankda böyük məbləğdə əmanəti olanları üzə çıxararaq, bir-bir nazirliyə çağırıb. Onlardan biri də Qurbanovdur. Onun sözlərinə görə, MTN-də onu həbslə hədələyərək, 200 min dollarını alıblar.

Martın 2-dəki məhkəmədə Mehrac Qurbanovun qardaşı Hüseyn Qurbanov şahid kimi dindirilib. O, qardaşının hədələndiyini, həbs olunmamaq üçün MTN əməkdaşlarına pul verdiyini söyləyib. Şahidin sözlərinə görə, həmin vaxt qardaşının pulu çatmayıb, 10 min manat da ondan borc alıb.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

Şahidlərdən İsmayıl Əhmədov Mehrac Qurbanova təcili pul lazım olduğundan, şəxsi fermasındakı mal-qaranı satmasından danışıb.

Şahidlərdən sonra Vüsal Ələkbərov haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Bu haqda vəsatət qaldıran keçmiş müstəntiq deyib ki, məhkəmədən yayınmaq, kiməsə təsir göstərmək niyyəti və imkanı yoxdur. Üstəlik, səhhətində də problemlər var: “Həmçinin iki azyaşlı uşağım var. Onların mənə ehtiyacı olduqca böyükdür”.

Zərərçəkmişlər Vüsal Ələkbərovun həbsdən buraxılmasına etirazlarını bildiriblər. Məhkəmə də vəsatəti təmin etməyib.

Vüsal Ələkbərov ona qarşı daha kəskin mövqedə olan zərərçəkən Hüseyn Səfərovla bağlı məsələnin istintaqda hərtərəfli araşdırılmamasından şikayətlənib. O bildirib ki, 2008-ci ildə 14 nəfər Hüseyn Səfərovdan MTN-ə şikayət edibmiş. Həmin adamlara dəymiş ziyanı sonradan Səfərovun həyat yoldaşı Natiqə Hüseynova ödəyib. Bu səbəbdən onun barəsindəki cinayət işinə xitam verilib: “Mənim işimdə araşdırma aparılarkən, həmin 14 nəfərdən yalnız 6-sını istintaq dindirib. Onlar da Hüseyn Səfərovun həyat yoldaşı, qızları, kürəkəni və digər qohumlarıdır. Xahiş edirəm, qalan 8 nəfər də məhkəmədə dindirilsin”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': 'Qürurunuz olsun, pulumuzu qaytarın!'

Keçmiş MTN müstəntiqinin sözlərinə görə, o zaman Hüseyn Səfərovun qızları da ondan şikayətçi idi. Sonradan anaları ailəli olan qızlarının da pullarını ödəyib.

Hüseyn Səfərov onun dediklərinə etiraz edərək deyib ki, Vüsal Ələkbərov qızlarını onun üzünə durmağa məcbur edib: “Bütün bunlar Vüsal Ələkbərovun qurduğu oyundur. Mən qızlarıma niyə pul verməliyəm?”.

MTN polkovnikinin məhkəməsi martın 16-da davam edəcək.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': `Müstəntiqin 'Vinçester'ə gözü düşdü...'

Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə), 294-cü (sübutları saxtalaşdırma), 311-ci (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir neçə siyasinin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

XS
SM
MD
LG