Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

Prezident tutulan icra başçısını işdən çıxartdı


N.Quliyev
N.Quliyev

Bu gün, dekabrın 20-də Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib.

N.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıb.

Ağstafa icra başçısının saxlanması ilə bağlı rəsmi açıqlama verilib

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun saxlanması ilə bağlı açıqlama yayıb.

Məlumatda iddia olunur ki, toplanan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

“Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib”.

Habelə iddiaya görə, Nizaməddin Quliyevin yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsinə dair şübhələr var.

Bura eyni zamanda, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəyə dair də şübhələr aid edilir:

“Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb”.

Qoca Səmədov da saxlanıb

DTX-nin açıqlamasında 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovla da bağlı iddialar yer alır.

Açıqlamaya görə, onun da bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

İddiaya görə, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarının da ələ keçirilməsinə aid də şübhələr mövcuddur.

Açıqlamaya görə, 236 min manat dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

“Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib”, açıqlamada vurğulanıb.

Açıqlamada habelə, Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmələrin də bir hissəsinin mənimsənilməsinə dair şübhələr yer alır.

“Nizaməddin Quliyev, Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məclləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qoca Səmədov 2011-ci ildə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O bu il oktyabrın 31-də həmin vəzifədən azad edilib.

Nizaməddin Quliyev isə prezidenti İlham Əliyevin bu il aprelin 5-də imzaladığı sərəncamla Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. O, həmin vaxta qədər isə 10 il Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışmışdı.

Hələlik, bu açıqlamaya sözü gedən şəxslərdən və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

'Şöhrət' ordenli icra başçısının saxlandığı deyilir

Bundan əvvəl «Turan» agentliyinin xəbərində deyilirdi ki, dekabrın 19-u günün ikinci yarısı Ağstafa rayon İcra Hakimiyyətindən bu rayonun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun saxlanması barədə yayılmış məlumatı təsdiqləyiblər.

Agentliyin xəbərinə görə, icra hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, N.Quliyev və R.Tatarov saxlanıblar: «Saxlanmalarının səbəbi barədə heç nə deyə bilmərəm. Hazırda icra başçısının vəzifəsini müavin, sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev icra edir».

Bu deyilənləri, hələlik, A.Hacıyevin özündən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun saxlandığı bildirilir.

Bununla bağlı yerli APA və Report saytları öz mənbələrinə istinadən məlumat yayıblar. Amma rəsmi qurumlar, hələlik, buna aid hər hansı məlumat açıqlamayıblar. Üstəlik, Ağstafa rayon İcra Hakimiyyətindən «Turan» agentliyinə yayılan bu məlumatı təkzib ediblər. Agentliyin xəbərinə görə, rayon prokurorluğundan isə icra başçısı ilə bağlı cinayət işinin açılmadığını söyləyiblər.

N.Quliyev Prezidenti İlham Əliyevin bu il aprelin 5-də imzaladığı sərəncam ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, həmin vaxta qədər isə 10 il Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışmışdı.

Bu il aprelin 5-də o, Ağstafa rayonuna, Ağstafa rayon İcra Hakimiyyəti başçısı isə Goranboy rayonuna başçı göndərilmişdi.

N.Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib.

XS
SM
MD
LG