Daşkəsənə qar yağıb

Aprelin 28-də Daşkəsən rayonuna qar yağıb. Bəzi yerlərdə hündürlüyü 20 sm.-ə çatan qar əkin-biçinə ciddi ziyan vurub. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının fövqəladə hallar üzrə müavini Cavanşir Qocayevin bildirdiyinə görə, gecədən başlamış qar rayonda aparılan abadlıq işlərinə maneə yaradıb, həm də çiçəkləmiş ağacları ayaz vurub. Təsərrüfatlara ciddi ziyan dəydiyini deyən cənab Qocayev, Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıqlarını və fermerlərə dəymiş ziyanı aradan qaldırmaq üçün yollar aradıqlarını söyləyib.


Hava şəraitinin kəskin pisləşməsi nəticəsində Tovuz rayonunun fermerləri də ziyanla üzləşib. Tovuz rayon İcra Hakimiyyətindən «Azadlıq» radiosuna verilən məlumata görə, yağan sulu qar və güclü külək təsərrüfatlara ciddi zərər vurub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeroloji Proqnozlar Bürosu sərt hava şəraitinin bir neçə gün davam edəcəyini bildirir.