Yeni qəbul olunacaq kodeksə görə, vətəndaşlarla qeyri-etik davranan məmurlar hüquqi məsuliyyət daşıyacaq
Ekspertlər və qanun layihəsinin hazırlanmasında iştirak edən şəxslərlə söhbətdən belə aydın olur ki, “Dövlət qulluqçularının etik davranış kodeksi”nin qəbul edilməsindən sonra vətəndaşlarla qeyri-etik davranan məmurlar hüquqi məsuliyyət daşıyacaq. İki oxunuşda parlamentdə müzakirə olunan bu qanun layihəsinin qəbuldan sonra məmur vətəndaşı təhqir edib, etikadan kənar hərəkətlərə yol verərsə cəzalana və hətta öz vəzifəsini itirə də bilər.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu kodeksin qəbul edilməsi məmur-vətəndaş münasibətlərinin tənzimlənməsində nə qədər önəm daşıyacaqsa, məmurların bir-biri ilə münasibətinə də bir o qədər ciddi təsir göstərəcək.
Qaldı ki, etik davranış qaydalarına əməl edilməməsinə görə müəyyən edilən cəzaya cənab Nuriyev deyir ki, əgər vətəndaş-məmur münasibətlərində etik prinsiplər əvvəllər tövsiyə xarakteri daşıyırdısa, davranış kodeksinin qəbulundan sonra məmurların davranışlarına nəzarət qanunla tənzimlənəcək.
Əliməmməd Nuriyevə görə, “Dövlət qulluqçularının etik davranış kodeksi”nin qəbulu digər tərəfdən həm də məmurların hərəkətlərinə kənar müdaxilələrin də qarşısını alacaq. Bir sözlə məmurların səlahiyyət həddi müəyyənləşəcək.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, belə bir kodeksin qəbulu Azərbaycan reallığında vətəndaş-məmur münasibətlərinin yoluna qoyulmasında elə də ciddi təsirə malik olmayacaq. Sahib Məmmədova görə, belə bir kodeks qəbul edilmədən də Azərbaycan qanunvericiliyində kifayət qədər vətəndaş-məmur münasibətlərini tənzimləyən hüquqi normalar var.
Sahib Məmmədov deyir ki, əksər hallarda vətəndaşların müraciətlərinə o qədər etinasız münasibət bildirilir ki, vətəndaş bir daha üzləşdiyi problemlə bağlı həmin ünvana yenidən müraciət etmək istəmir. Elə bu səbəbdən də cənab Məmmədov hesab edir ki, qəbul olunan qanunların pozulmasına görə, ciddi sanksiyalar nəzərdə tutulmayacaqsa, onda məmurların etik davranış kodeksinə əməl edəcəyi inandırıcı görünmür.