Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan banklarına 10 milyon dollar kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda beş kommersiya bankına ümumi məbləği 10 milyon dollar olan kredit ayırıb. İyunun 12-də axşam saatlarında bu barədə saziş imzalanacaq.


Bankın prezidenti Hayrettin Kaplan «Azadlıq» radiosuna deyib ki, Azərbaycanla əməkdaşlığı bundan sonra da genişləndirmək niyyətindədirlər. Onun sözlərinə görə, bank maliyyə sektorundan başqa, istehsal və kənd təsərrüfatı sektorundakı layihələrə də vəsait ayırmaq niyyətindədir: «Bölgə iqtisadi artım tempinə görə, ancaq Çindən geri qalır. Azərbaycanda iqtisadi artım çox sürətlidir. Son 9 ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3 dəfə artıb. Sizin ölkənizdə bank sektorunun inkişafı üçün böyük potensial görürəm. Məncə, Azərbaycana böyük yatırımlar yapılacaq. Gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da genişləndirəcəyik».


QDTİB 1999-cu ildən fəaliyyət göstərir. Azərbaycan bankın 11 təsisçisindən biridir və 11 faiz paya malikdir. Bank indiyə kimi Azərbaycana 17 milyon ABŞ dolları həcmində investisiya yatırıb.


İyunun 11-də QDTİB-in Direktorlar Şurasının 8-ci illik iclası keçirilib.