Bakıda əriyən və süni buz meydançası

Keçən ilin dekabrında Bakı bulvarında açılan buz meydançası havaların isti keçməsinə görə bu qış düz-əməlli işləyə bilməyib. Fevralın ortası olsa da, cəmi 2 gün işləyib. Fevralın 10-da çıxan gün isə yenə meydançanın buzunu əridib.

Buz əridiyindən meydança indi gölü xatırladır. Ətrafında da kiçik gölməçələr yaranıb. İşləmədiyindən əməkdaşlar da, təlimçilər də gözə dəymir. Buzda sürüşmək üçün lazım olan ləvazimatlar da bir kənara yığılıb.

Bulvara gələn şəhər sakinlərindən biri Leyla Həmidova deyir ki, keçən il meydançada əylənə bilib. Bu il isə hələ bir dəfə də olsun buz üstə çıxmayıb:

«Mən çox sevirəm buz üstə sürüşməyi. Ancaq bağlıdır».

Leyla kimi meydançaya yaxınlaşıb işləmədiyini görən başqaları da təəssüflənir:
- İşləsəydi yaxşı olardı, nə qədər olmasa da maraqlı idi.
- Görəsən niyə işləmir? Heç məlumat da vermirlər.

Hava isti olduqca...


Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, buz meydançasının işləməsi üçün havanın temperaturu müsbət 10 dərəcədən aşağı olmalıdır. Havalar isti keçdiyindən buz meydançası ancaq axşamlar işləyə bilir:

«Problem ondadır ki, bu buz meydançası açıq tiplidir. Üstü yoxdur. Ona görə də havanın böyük əhəmiyyəti var. Müsbət 10 dərəcədən yüksək olursa, günəş şüaları buza birbaşa təsir edirsə, onda meydançanın işləməsi sual altında olur».

Buz meydançası tam işləməsə də qiymətlər keçən ilki ilə müqayisədə bir az ucuzlaşıb. Keçən il 1 saat sürüşmək 20 manat idisə, indi 15 manatdır.

Nazim Məcidov deyir ki, buz meydançasının üstünün örtülməsi planı yoxdur:

«Biz heç kəsə söz verməmişik ki, sizi ilboyu sevindirəcəyik, ya da arxayın olun ki, istədiyiniz vaxt gəlib sürüşə biləcəksiniz. Azərbaycanda ilk dəfədir ki, bu var. Yaxşı, pis, bizdən asılı olmayan səbəblərə görə belə işləyir».

Nazim Məcidov deyir ki, meydança ziyana işləyir, ancaq bağlanmayacaq. Müraciət edənlər olsa, gecə işləyə bilər. Bu layihəyə nə qədər vəsait sərf olunması haqqında isə o heç bir məlumat verə bilməyəcəyini dedi.

Bu cür layihələrin faydalılığı nəzərə alınmalıdır

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, bu cür layihələr həyata keçirilərkən, ona vəsait sərf olunarkən faydalılığı nəzərə alınmır. Layihənin uzunmüddətli olmaması isə artıq pul itkisi deməkdir:

«Bu həm pul, həm də zaman itkisidir. Əsas məsələ odur ki, bu cür layihələrə qoyulan vəsait konkret dəyər yaratmalıdır. Belə layihələrə qoyulan investisiya, həmin sahənin özü cəmiyyətin sosial ehtiyaclarını ödənməsinə yönəlməlidir. Gələcəkdə yaradacağı dəyər düşünülməlidir».

Məhəmməd Talıblı deyir ki, bu cür layihələrə qoyulan vəsaitlərin açıqlanmaması, şəffaflığın olmaması korrupsiya elementlərindən xəbər verir.

Süni buz meydançası da var


Bakıdakı başqa bir buz meydançası isə bu ilin yanvarında açılıb. Bakı Ticarət Limanı yaxınlığındakı yeni açılmış parkın ərazisində yerləşir. 1200 kv metrlik meydança süni buz meydançasıdır. Ərazidəki Liman kafesinin inzibatçısı Rəşad Qasımov deyir ki, bu meydança kafeyə aiddir.

Burada 15 dəqiqə sürüşmək 5 manat, 30 dəqiqə 8 manatdır. Rəşad Qasımov deyir ki, bura daha çox bayramlarda adamlar gəlib əylənir:

«Bu meydança süni sintetik örtükdən ibarətdir. Polimerin, buza oxşar örtükdür. Yıxılmaq, zədələnmək təhlükəsi təbii meydançada olduğu kimi deyil. İndi bura adamlar ancaq bayramlarda gəlir. Ancaq biz yayda da, yəni bütün ilboyu işləyəcəyik».

Bu meydança isə təbii buz meydançasından fərqli olaraq 40 dərəcə isti altında da işləyə biləcək.