MAŞININ QİYMƏTİ UCUZDUR, ZURNASI ÇOX BAHA (Gülməcə)

.
GÜNÜN GÜLMƏCƏSİ

MAŞININ QİYMƏTİ UCUZDUR, ZURNASI ÇOX BAHA...

(Manaf Süleymanovun ruhuna sayğılarla)

Birinci neft bumunda ən dövlətli kənd Balaxanı sayılırmış. Kənddə elə bir həyət yoxmuş ki, orada neft quyusu olmasın. Odur ki, Balaxanıda həm də harınlaşmış bir nəsil yetişibmiş. Hətta meyxanada yeyib-içib keflənəndən sonra qapıdan çıxmağı özünə ar bilib, pul töküb, ayağını yerə dirəyib, divarı sökdürüb çıxanlar varmış...

Günlərin birində həmin dövlətlilərdən biri gəlir Bakıya. Yaxşı yeyib-içir, keflənir, veyllənə-veyllənə gəlib çııxır Haşımov meydanına--Qoşa Qala Qapısına.

Görür ki, Hacı Zeynalabdinin maşını durub Qoşa Qala Qapısının ağzında.

Onu da deyək ki, Bakıya ilk maşını rəhmətlik Hacı gətizdirib, sonra Rotşildlər.

Hə, balaxanılı maşını görən kimi gəlir şoferin yanına, deyir məni apar filan kəndə.

Şofer qayıdır ki, gücün çatmaz, çox bahadır.

Balaxanılı hökmlə soruşur: “Axı, nə qədərdir?”

Şofer canını qurtarmaq üçün deyir: “25 manat”

Oxucuların diqqətinə çatdırım ki, yüz il öncə Bakıda 25 manat indiki gücdə deyilmiş. Bu pula bir əla fayton və iki köhlən at almaq olarmış.

Balaxanılı dövlətli qayıdr ki, “verrəm 25 manatı, sür görüm!”.

Şofer yola düşür. Əvvəlcə şəhərin mərkəzi küçələrindən keçirlər.

Şofer hər dəfə adam görəndə fit verir, xəbərdarlıq edir. Bu da kişiyə ləzzət edir. Elə ki, şəhərdən çıxırlar, adam seyrəlir, fit səsi kəsilir.

Kişi dilxor olub şoferdən soruşur:”Alə, nöş onun zurnasını çalmırsan?”

Şofer deyir ki, o zurnanı çox çalmaq olmaz, ona da pul verməlisən...

Kişi deyir: “ Eybi yox, pul verrrəm, sən çal”.

Və yolboyu harda adam, xüsusən də xanım görür fiti çaldırır.
Gəlib çıxırlar Balaxanıya. Hamı tökülüşür maşının qabağına.

Birinci dəfə görürlər axı...

Hərif şoferdən soruşur: “Nə qədər verəcəyəm?”

Şofer qızıl-qırmızı deyir: “25 manat maşın haqqı, 35 manat da zurna üçün”

Kişi məcbur olub pulu verir şoferə. Hər tərəfdən soruşurlar ki, hə, de görək maşınla necə gəldin, nə qədər xərcin çıxdı?

Dövlətli deyir: “Maşının qiyməti ucuzdur, amma zurnası çox bahadır...”