«Prezident Nyu-Yorkda da, Moskvada da ana dilində danışmalıdır»

Kamil Vəli Nərimanoğlu (Foto: Mediaforum.az)

Son zamanlar Türkiyədə işləyən türkoloq, professor Kamil Vəli Nərimanoğlu ilə beynəlxalq Ana dili günü ərəfəsində danışdıq. Ondan hər 2 ölkədə dövlət dilinə olan münasibətlə bağlı fikirlərini AzadlıqRadiosu ilə bölüşməsini istədik.

«DÖVLƏT BAŞÇILARININ NİTQİ HƏM QÜSURLUDUR, HƏM DƏ RƏSMİ MƏCLİSLƏRDƏ ANA DİLİNDƏ DANIŞMIRLAR»

Kamil Vəli Nərimanoğlu:

- Ana dili dövlət dili olan xalqlar çox azdır. Bu mənada biz xoşbəxt xalqıq. Amma dilimizin adının təhrif edilməsi doğru deyil, dilimizin adı türk dilidir və ya Azərbaycan türkcəsidir. Türkiyədə də ana dili Atatürk zamanından başlayaraq müqəddəs bilinir. Ana dilinə münasibət olduqca yüksəkdir. Ancaq sosial proseslər mürəkkəbləşdikcə, etnik milliyyətçilik gücləndikcə kürd dilini dövlət dili səviyyəsinə qaldırmaq istəyənlər var. Amma türk xalqı buna qarşıdır. Onların televiziyası var, proqramı var, çıxış edə, folklorlarını, dillərini təqdim edə bilərlər. Dövlət dili isə başqa statusdur. Ana dilinin səlahiyyətini tapdalamaq olmaz. Bu mənada Türkiyədə bəzi etirazlar- filan olsa da, xalqın, ziyalıların fikri yekdildir ki, dövlətin dili türk dilidir. O ki qaldı Azərbaycana, dilimizin müqəddəsliyi bəzən tapdanır. Məsələn, dövlət başçılarının, xüsusən də indiki dövlət xadimlərinin həm ana dilindəki nitqi qüsurludur, həm də rəsmi məclislərdə ana dilində danışmırlar. Harda olur olsun, istər Nyu-Yorkda, istər Moskvada prezident xalqı təmsil edir və gərək ana dilində danışsın. Hər dili bilmək gözəldir. Amma söhbət ana dilinin mövqeyindən getdiyi üçün buna diqqət yetirmək lazımdır.

«BİR DİLƏ Kİ HEGEL, NİTSŞE TƏRCÜMƏ OLUNMAYIB, O YETKİN DEYİL»

- Kamil müəllim, Azərbaycan dilinin imkanlarını necə qiymətləndirirsiz?

- Bu mənada Azərbaycan türkcəsinin əlbəttə problemləri var. Biz ziyalı olaraq, müəllim olaraq dilimizin zənginliyini ortaya qoymuruq. Biz informativ dildə danışmaq istəyirik. Halbuki Dədə Qorquddan, Füzulidən, Nəsimidən gələn zənginliyimiz var. O zənginliyi əsrin diliylə vermək lazımdır. Əsrin dili də həm texnikayla bağlıdır, həm elmlə. Elmlə, fəlsəfəylə bağlı anlayışlar dildə olmalıdır. Mətbuatda, radio-televiziyada az sözlə danışmaq o qədər yayğınlaşıb ki, azərbaycanlı yeniyetmə kasıb Azərbaycan türkcəsi ilə üzləşir. Bu mənada dilin zənginliyini ortaya qoymaq lazımdır. Bir dildə ki Hegel, Feyerbax, Nitsşe, Qazali yoxdursa, o yetkin sayıla bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi bir yuvadan, bir budaqdan gələn dildir. Burda sərhəd saxlamaq, tərcümə etmək olduqca gülüncdür. Bunu niyə ediblər, bilmirəm.

«AZƏRBAYCAN DÖVLƏTİ BU DİLLƏRİ AYIRMAĞA ÇALIŞSA DA, MİLLƏT BİRLƏŞDİRİR»

- Kamil müəllim, burda 2 fikir var. Biri budur ki, türk serialları tərcümə olunmamalıdır. O biri tərəf düşünür ki, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi fərqlidir, sonuncunu qorumaq lazımdır. Qoymaq olmaz ki, özəlliyini itirsin.

Kamil Vəli Nərimanoğlu

- Bizim folklor, dastan dilimiz, o biri tərəfdən də klassik yazılı ədəbiyyatımız ortaqdır, ta XIX əsrədək. 2 əsr əvvəl Mirzə Fətəli Axundzadə modern ədəbiyyatın təməlini qoydu və Azərbaycan dili modern yola çıxdı. Bundan sonrakı ədəbiyyat həmin ənənə ilə bağlıdır. 200 illik yazı tarixi dilin əsaslarını dəyişmir. Bu zaman kəsimində müəyyən ayrılıqlar olub. Türkiyədə dilə fransız kəlmələri gəlib, ifrat təmizləmə gedib. Azərbaycan türkcəsi güney qolundan ayrılıb... Amma təməlimiz ortaqdır. Gələcəyə doğru getdikcə birlik artır. Azərbaycan dövləti bu dilləri ayırmağa çalışsa da, millət birləşdirir. Uşaqlar danışanda, yazanda iki dilin ortaqlığına can atırlar və buna nail olurlar. Bu mənada uşaqlar bizdən 1 addım irəlidədirlər.

- Bu halda Azərbaycan türkcəsi özəlliyini itirməyəcək?

- Dil öz içində itə bilməz.

- Türkiyə ilə Azərbaycan arasında parallellər aparırsız. Və bu məqamda siyasətçilərin dilinə toxunmamaq olmur. Türkiyə siyasətçilərinin dili daha axıcı, daha cəlbedicidr sanki.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

- Bizim siyasətçilərdən İsa Qəmbərin, Əli Kərimlinin dili səlisliyi ilə, səmimiyyəti ilə daha çox xoşuma gəlir. İqtidaryönlü siyasətçilərdən Rafael Hüseynovun dilini bəyənirəm. Aydındır, zəngindır. Nizami Cəfərov xalq dilinə yaxın ədəbi dildə danışır. Siyasi bölgü aparmadan onların dilini təqdir edirəm. Onların dili normaldır, amma zənginləşməlidir. Yəni Tayyip Ərdoğanın dili kimi yetkin olması üçün böyük zamana ehtiyac yoxdur. Qısa vaxtda yeni nəsillər onu aradan götürəcəklər. Bu fərqə səbəb tarixdir. Bizdə müstəqillikdən sonra rəsmi dil, siyasi nitq formalaşmağa başladısa, Türkiyədə osmanlıdan gələn ənənə Atatürk zamanında yeni vüsət aldı.

«RAMİZ NEHDİYEVİN NİTQİ ZƏİFDİR, FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ YOXDUR»

- Ərdoğandan misal gətirdiz. Amma Azərbaycanda Heydər Əliyevin natiqlik qabiliyyəti həmişə xüsusi vurğulanıb.

- Məni tərəfli qəbul etməyin. Mən Heydər Əliyevin nitqini dinləməkdə çətinlik çəkirəm. Səmimi deyil. İkincisi, şablonlarla danışır. Xalqın ürəyinə xitab edə bilmir. Həmişə diksinərəm bu nitqdən. Məndə təhlükə, həyəcan oyadır. Amma sovet məktəbinin yetirmələri arasında Heydər Əliyevin xidmətləri var. Məsələn, xarici işlər nazirinin nitqi də xoşuma gəlmir. Səhvlər var, intonasiya səhvləri. İlham Əliyevin nitqi yetkin deyil, üzərində işləməlidir, Ramiz Mehdiyevin nitqi də zəifdir, fəlsəfə ilə əlaqəsi yoxdur.

«İNANIRAM Kİ, TÜRKCƏMİZ BMT-NİN RƏSMİ DİLİ OLACAQ»

- Beynəlxalq Ana dili günündə bəlkə sözünüz var?

- Allah bizim milləti və dilimizi qorusun. Mən Azərbaycan türkcəsinin ölümünə inanmıram. Onun böyük tarixi, böyük abidələri var, daşıyıcıları milyonlarladır. İnanıram ki, türkcəmiz bir gün BMT-nin rəsmi dili olacaq. Gec ya tez.