Azərbaycan finalda 13-cü çıxış edəcək

“Eurovision” Mərkəzində Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimində mayın 22-si və 24-də keçiriləcək yarımfinal mərhələlərində çıxış edəcək 36 ölkənin “Baku Crystal Hall” səhnəsində çıxış nömrələri məlum olub.
Mərasim Azərbaycanın paytaxtı Bakı şəhərinin görüntülərindən ibarət hazırlamış xüsusi video-rolikin nümayişi ilə başlayıb. Püşkatma mərasiminin aparıcıları qonaqları Azərbaycan və ingilis dillərində salamlayıblar. “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand Azərbaycana artıq dəfələrlə gəldiyini bildirib.

Sonra müsabiqənin püşkü atılıb.

Mayın 22-də keçiriləcək I yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı belədir. Monteneqro 1, İslandiya 2, Yunanıstan 3, Latviya 4, Albaniya 5, Rumıniya 6, İsveçrə 7, Belçika 8, Finlandiya 9, İsrail 10, San-Marino 11, Kipr 12, Danimarka 13, Rusiya 14, Macarıstan 15, Avstriya 16, Moldova 17 və İrlandiya 18-ci çıxış edəcək.

Mayın 24-də keçiriləcək II yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belədir: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya,
Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litva.

Mayın 26-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi final mərhələsində Böyük Britaniya 1-ci, İtaliya 10-cu, Azərbaycan 13-cü, İspaniya 19-cu, Almaniya 20-ci, Fransa isə 9-cu çıxış edəcək.

Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı məlum olacaq. Finala keçən ölkələrin finalda çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Püşkatma mərasimi ənənəvi olaraq bu dəfə də eurovision.tv saytında canlı yayımlanıb