«Eurovison» insan haqlarına görə Azərbaycanı diqqət mərkəzində saxlayır

Arxiv foto

Gələn ay Bakıda keçiriləcək «Eurovison» mahnı müsabiqəsi ilə bağlı Azərbaycanın ümid və ambisiyaları yeni tikilmiş parıltılı «Crystal Hall» binasındadır.

France-Presse agentliyi yazır ki, televiziya ilə 125 milyon insanın tamaşa edəcəyi bu tədbir ərəfəsində şəhərin müxtəlif yerlərində çoxlu «Eurovison» bayraqları asılıb. Tədbirin təşkilat komitəsinin üzvü Tahir Məmmədov deyir ki, «bu, həm də müsabiqəyə ev sahibliyi edən ölkə üçün özünü bütün dünyaya göstərmək imkanıdır». O, vəd edir ki, tədbir çox möhtəşəm olacaq və tədbirdə ənənəvi Azərbaycan folklor elementləri də olacaq.

Bir qisim insan isə müsabiqə vasitəsilə beynəlxalq diqqəti ölkədəki insan hüquqları pozuntularına cəlb etməyə ümid edir.

Giorgi Gogia

«Human Rights Watch» təşkilatından Giorgi Gogia deyir ki, «Azərbaycanda insan hüquqları sistematik olaraq pozulur». Onun sözlərinə görə, hazırda Azərbaycanda 70 nəfər siyasi səbəblərə görə həbsdədir. Onların arasında 7 jurnalist də var.

Hüquq müdafiə təşkilatları bildirir ki, Azərbaycanda ifadə azadlığı pozulur və fərqli fikir susdurulur. Yerli fəallar «Demokratiya üçün oxu» adlı kampaniyaya da başlayıblar. Onlar bu kampaniya ilə Avropadan gələn qonaqların demokratiyaya diqqət ayırmasına çalışırlar. Kampaniyanın iştirakçılarından biri - Rəsul Cəfərov deyir ki, ««Eurovision» Azərbaycanın Avropaya inteqrasiyası üçün daha bir vasitə olmalıdır. İlk növbədə də insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaqla bu vasitədən istifadə etməliyik».

Son vaxtlar Qərb mediasının Azərbaycanın iqtisadi nailiyyətlərinə, ya da NATO-nun Əfqanıstandakı əməliyyatı üçün tranzit olmasından daha çox demokratiya və insan hüquqları məsələlərinə yer ayırması Azərbaycan hakimiyyətini qıcıqlandırır.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, «Azərbaycanda söz azadlığına, insan hüquqlarına və demokratik prinsiplərə tam hörmət olunur».

Mübariz Qurbanlı

Mübariz Qurbanlı bildirir ki, çox böyük maliyyə mənbələri olan erməni lobbisi Azərbaycan haqqında neqativ materialların dərcinə nail olur. Hakim partiyanın nümayəndəsi onu da deyib ki, bu tənqidi materialların arxasında islamafobiya dayanır. «Onlar sadəcə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə «Eurovision»un keçirilməsi faktını qəbul edə bilmirlər».

Prezident İlham Əliyev də bu ayın əvvəlində bildirmişdi ki, Azərbaycanı gözdən salmaq üçün çirkli kampaniya aparılır. Rəsmilərin fikrincə, bu kampaniyada qonşu Ermənistanın da əli var.


Tərcümə etdi: Kəbiran Dilavərli