«Arşın mal alan» filmi bərpa edilir

«Arşın mal alan» filmindən görüntü. (Wikipedia)

-
Dövlət Film Fondu «Arşın mal alan», «Nəğmə müəllimi», «Mən mahnı qoşuram» və «Yaramaz» filmlərini bərpa edir. Fondun direktor müavini Rəşad Qasımov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər 1945-ci ildə çəkilmiş, SSRİ Dövlət Mükafatı almış «Arşın mal alan» filmi üzərində iş aparırlar:

«Bu film Sovet İttifaqında çox məşhur idi. Stalin mükafatı almışdı. Fond güclü imkanlara malik yeni avadanlıq alıb. Bu da imkan verir ki, vaxtilə populyar olan filmin bərpa edək, kino lentdə yaranmış qüsurları aradan qaldıraq».

Rəşad Qasımov deyir ki, uzun müddət Azərbaycanda filmlərin saxlanması üçün normal şərait olmayıb:

«Kino lentlər 0-5 dərəcə temperaturda saxlanmalıdır. Amma bizdə bu imkan olmayıb. Buna görə bir sıra filmlər korlanıb. Ona görə son illər Rusiya Film Fondu ilə birgə filmlərimizi bərpa edirik».

Fondun direktor müavini təxminən 100-dək filmin bərpa olunduğunu bildirir. Onların 50-i bədii filmdir:

«Biz artıq Rasim Ocaqovun filmlərinin 90 faizini, uşaq filmlərini və Azərbaycanda rəğbət qazanmış bir sıra başqa ekran əsərlərini bərpa etmişik».

Məlumatda o da deyilir ki, mütəxəssislər 1982-ci ildə lentə alınmış «Yeddi gözəl» film baletini də bərpa ediblər.