«Heykəlləri güllələyənləri bax bu yolla ifşa etmək lazımdır»

Ziyadxan Əliyev

-
«Natəvanın büstünün də daxil olduğu güllələnmiş heykəlləri Şəhidlər Xiyabanında qoymaq lazımdır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına sənətşünas Ziyadxan Əliyev söylədi.

GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR HƏLƏ DƏ HƏYƏTDƏDİR...

Ziyadxan Əliyevin dediyinə görə, həmin büstlər hələ də Dövlət Milli İncəsənət Muzeyinin həyətində saxlanılır:

«Bu 3 heykəl — Xurşudbanunun, Üzeyir bəyin və Bülbülün büstləri Şuşanı bəzəyirdi. Müəllifləri də xalq rəssamı Xanlar Əhmədov, əməkdar rəssam Namiq Dadaşov və əməkdar incəsənət xadimi Həyat Abdullayeva idi. Üzərindəki güllə izlərindən görünür ki, bunlar erməni yaraqlılarının təcavüzünə uğrayıb... Həmin büstləri Yerevana aparıblar. Sonra Gürcüstana metal kimi satıblar. O zaman orada pambıq ticarəti ilə məşğul olan azərbaycanlı iş adamları bunu biliblər. Müəyyən qazanc əldə etmək həvəsi də olub. Bakıya gəlib müəyyən təşkilatlarla əlaqə qurublar. Razılaşma əldə olunub. Mənə elə gəlir ki, Nazirlər Kabinetindən həmin heykəllərə nə verdiklərini yaxşı bilirlər. Azərbaycanın Rusiyadakı səfiri indi döşünə döyməsin ki, onu mən gətirmişəm. «Qırmızı körpü»dən sonra gətirə bilərlər. Amma ondan əvvəlki işləri başqa adamlar görüb».

HEYKƏL GÜLLƏLƏYƏNLƏRİ İFŞA EDƏN ƏN UYĞUN YER ŞƏHİDLƏR XİYABANIDIR

Ziyadxan Əliyev uzun illərdir ki, müxtəlif media orqanlarında həmkarları ilə birgə bu heykəllərin Şəhidlər Xiyabanına qoyulması fikrini qaldırdığını bildirir:

«Bir dəfə şəhərdə sorğu apardılar, heç kəs həmin heykəllərin yerini bilmədi... Bu abidələr Şəhidlər Xiyabanında qoyulmalıdır.

Üzeyir Hacıbəyovun Şuşada Ermənistan əskərləri tərəfindən güllənmiş heykəli. Hal-hazırda Bakıda saxlanılır.

Qarşı tərəfi ifşa edən ən gözəl yer o heykəllərin orada qoyulmasıdır. Biz beynəlxalq təşkilatlara təcavüzə məruz qaldığımızı göstərmək istəyiriksə, onda heykəlləri ora qoymalıyıq. Əlaqədar təşkilatları bu istiqamətdə gərəkli addımlar atmağa çağırıram».

XURŞUDBANU NATƏVAN 180 YAŞINDA...

Bu il Azərbaycanın xanım şairi Natəvanın 180 illiyi olduğuna diqqət çəkən Ziyadxan Əliyev onun rəsm əsərlərinin toplandığı «Gül dəftəri»ndən söz açdı:

«M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. İncə şeirlər yazan Natəvanın rəssamlıq təhsili almadan əyalət şəhərində rəssamlığa meyl göstərməsi maraqlı hadisədir. Natəvana hələ kiçik yaşlarından təhsil verən qohumu Gövhər xanım olub. Ehtimal olunur ki, ona bədii vərdişləri—rəsm çəkməyi və tikmə tikməyi də Gövhər xanım aşılayıb».

ŞUŞADA KİMLƏR VARDI?

Ziyadxan Əliyevin dediyinə görə, o dövrdə Şuşada məşhur rəssamlar vardı—Usta Qəmbər Qarabaği, qardaşı Səfər, oğlu Şükür, Mir Möhsün Nəvvab. Onların nüfuzu o qədər yüksək idi ki, Şəki Xan Sarayının divar bəzəklərin vurulmasında iştirak etmişdilər. Artıq Şuşada bədii aura yaranmışdı».

XURŞUDBANU AZƏRBAYCANDA NATÜRMORT JANRININ YARADICISIDIR?

Ziyadxan Əliyev Natəvanın poetik duyğularını rəsmlərinə də tökdüyünü söyləyir:

Bakıda Natəvanın heykəli


«Onun ən çox müraciət etdiyi mövzular nəbati mövzulardır. Azərbaycanın florasına, faunasına həsr olunmuş motivlərdir. Natəvan çəkdiyi güllərlə («Lalə», «Gül», «Çiçək», «Süsən», «Qərənfil», «Üzüm salxımı» və s. ) Azərbaycan təsviri sənətində natürmort janrının yaradıcılarından biri olmaq hüququnu qazanır. O dövrdə daha çox süjetli tablolara rast gəlinir. Ayrıca güllərin, heyvanların rəsminə rast gəlinmir. Hər halda bizim dövrə belə təsvirlər gəlib çatmayıb».

«GÜL DƏFTƏRİ»NDƏ NƏLƏR VAR?

Sənətşünasın fikrincə, ədəbi irsə münasibətimiz aydın olduğundan Natəvanın «Gül dəftəri»nin qorunub bu günümüzə çatmasına sevinmək olar:

«O vaxtlar şairənin qohumları «Gül dəftəri»ni Əlyazmalar İnstitutuna təqdim etməklə, onun bədii irsini xilas ediblər. 227 səhifəlik əlyazmada Natəvanın həm şeirləri var, həm də yanında müxtəlif motivli rəsmləri. Əlyazma 1886-cı ildə hazırlanıb. Cildi tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənib. Onun bədii yaradıcılığını, bədii duyumunu əks etdirən çox qiymətli mənbədir. Başqa muzeylərdə də Natəvanın adıyla bağlı əşyalar saxlanılır, tikmələri qorunur, geyimləri qalmaqdadır. Natəvanın Dümaya hədiyə edilmiş bir tikməsi, deyilənə görə, Dümanın ev muzeyində qorunur».

NATƏVAN SƏFƏRLƏRDƏ...

Ziyadxan Əliyev Natəvanın səfərlərinin rəsmlərində də əks olunduğunu bildirir:

«Natəvanın Bakıya, Tiflisə və Dağıstana səfərlərini əks etdirən rəsmləri var. Onun Bakıya gəlişi «Bakı mənzərəsi»nin yaranması ilə nəticələnib. Bu, dənizdən şəhərin görünüşüdür... Tiflis səfərində «Metex qalası»nı, «Şeyx Sənan dağı»nı, «Narınqala»nı, «Kür qırağı»nı, «Müctəhid bağı»nı çəkib. Dağıstan səfərində Şeyx Şamilin evinin planını və Qunib qalasını çəkib...».