İnqilabdan əvvəl çəkilən Rusiya filmləri vətənə qaytarılır

«Stenka Razin» filmindən kadr, 1908

-
Sovet dövründən əvvəl Rusiyada çəkilmiş və uzun illər vətəndən uzaqda qalan filmlər evə qayıdır.

Sentyabrın əvvəlində amerikalı biznesmen Rusiya İmperiyasında çəkilmiş 350 səssiz filmi Sankt Peterburqda yerləşən «Lenfilm» studiyasına bağışlayıb.

Nadir kinematoqrafiya incilərinin bu ilin sonuna qədər studiyaya gətiriləcəyi gözlənir.
Moskva Kino Muzeyinin direktoru və film tarixçisi Naum Kleiman deyir:

«Bu, sensasiyadır. Bu, bizim kinematoqrafiya tarixinin bütöv hissələrini geri qaytarır. Bu, çox vacib tədbirdir. İnqilabdan əvvəlki 300 film... Bu, bütöv bir qitə kəşfinə bənzəyir».

Floridada yerləşən «Magna-Tech Electronic» firmasının prezidenti Steven Krams deyir ki, kolleksiya əvvəllər Samuel Kipnis adlı rusiyalı mühacirə məxsus olub.

Film kolleksioneri olan Kipnis Rusiyanı 1917-ci il Bolşevik inqilabı ərəfəsində, vətəndaş müharibəsi zamanı tərk etmişdi.

FİLMLƏR MƏHV OLA BİLƏRDİ

1982-ci ildə onun ölümündən sonra filmlər Florida Universitetinin filmotekasına verilib.

Krams deyir ki, universitetdə baş verən yanğın filmlər üçün təhlükə yaradıb:

«Onda onlar yanğında məhv olmaq təhlükəsi ilə üzləşdilər. Tullamaq lazım gəlirdi. Mən onları xilas etdim, 1980-ci ildəki vəziyyətinə qaytardım».

O vaxtdan bəri filmlər Krams'da qaldı.

«Stenka Razin» filmindən kadr, 1908

Krams deyir ki, filmlər üçün ən yaxşısı onların öz vətənində olmasıdır:

«Xoşbəxtəm ki, öz töhfəmi verirəm, ümid edirəm ki, bu, qiymətləndirilir».

FİLMLƏRİN ÇOXU YOXDUR

Rusiya İmperiyası dövründə çəkilmiş filmlərin 70-80 faizi yoxdur. Onlar ya itib, ya da sovet hakimiyyəti tərəfindən burjuaziya incəsənətinin məhsulu kimi məhv edilib.

Rusiyada ilk kinoteatr Sankt-Peterburqda 1896-cı ildə açılıb.

Avropa və Amerika filmləri bazarda üstünlük təşkil etsə də, Rusiya kinosu sürətlə uğur qazanmağa başladı.

İlk Rusiya milli filmi 1908-ci ildə çəkilən 10 dəqiqəlik «Stenka Razin» olub.

Krams heç vaxt bu filmləri tədqiq etməyib. Onların arasında aktrisa Vera Kholodnaya'nın rol aldığı filmlər var. Vera Kholodnaya'nın qısa ömründə 50-dən çox filmdə oynadığı güman edilir. Amma onun filmlərindən çox azı müasir dövrə gəlib çatıb.

«Lenfilm» Krams’ın kolleksiyasını təkbaşına bərpa etmək gücündə deyil. Ölkənin ikinci böyük film müəssisəsi olsa da, borclarla yüklənib.

«Lenfilm» deyir ki, Rusiyanın Dövlət Film Fondundan kömək istəyəcəklər.