Nobellər haqqında antologiya çapdan çıxıb

«Ədəbi Nobel antologiyası» kitabı

-
«Nobel ailəsi kitabı çox maraqla qarşılandı və onu dünyada bənzəri olmayan kitab adlandırdı».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı söylədi.

NOBELLƏR TARİXİMİZİN BİR HİSSƏSİDİR

Yenicə çapdan çıxmış «Ədəbi Nobel antologiyası» kitabının tərtibçisi olan Nəriman Əbdülrəhmanlı belə bir kitabı çoxdan nəşr etdirmək istədiyini etiraf etdi: «Çoxdankı istəyim idi. 100 ildən artıqdır ki, Nobellər Azərbaycan tarixinin bir hissəsidir. Nobel Mükafatı da dünya mədəniyyətinin bir hissəsinə çevrilib. Kitabın üzərində il yarıma qədər işlədim. Orijinaldan tərcümələr tapdım. Çatışmayanları özüm çevirdim».

Tərtibçi bütün bunlardan sonra «Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu» İctimai Birliyinə müraciət etdiyini deyir:

«Birliyin rəhbəri Qənirə Paşayeva da bu ideyanı bəyəndi və gerçəkləşdirməyə söz verdi. Antologiyaya Önsöz də yazdı. Antologiyanın redaktorları şair Nurafiz və yazıçı-publisist Əkbər Qoşalıdır».

TƏQDİMAT «VİLLA PETROLEA»DA OLDU

«Ədəbi Nobel antologiyası» Nobel qardaşlarının Bakıdakı ev-muzeyi «Villa Petrolea»da təqdim olunub:

«Gözəl təqdimat mərasimi düzənləndi. Azərbaycanda Nobel İrsinin rəhbəri, millət vəkilləri, tanınmış ziyalılar, diplomatik səfirliklərin nümayəndələri və Nobel ailəsindən 3 nəfər iştirak etdi».

KİTAB 3 CİLDDƏ OLACAQ

Nəriman Əbdülrəhmanlı antologiyanın 3 cilddən ibarət olacağını qərarlaşdırdıqlarını söylədi:

«Birinci cilddə ancaq nəsr üzrə Nobel alanların əsərləri və özləri barədə məlumatlar toplanıb. 67 yazıçının həyat və yaradıcılığını əhatə edir. Daha 2 cildin—poeziya və dramaturgiyaya həsr edilən kitabların çıxacağı da planlaşdırılır».

ORİJİNALDAN TƏRCÜMƏLƏR VAR

Nobel Mükafatının təqdimatı mərasimi

Nəriman müəllim antologiyaya daxil olan əsərləri təxminən 15-ə qədər müəllifin çevirdiyini dedi:

«Əsas hissəsini—60-65 faizini mən çevirmişəm. Ancaq ingilis, türk, ərəb, alman, fransız, ispan dillərindən tərcümələr var. Onları da Vilayət Hacıyev, Fərhad Əliyev, Azad Yaşar, Mahir Qarayev, Ülkər Nəsibbəyli, Aslan Quliyev, Svetlana Quliyeva orijinaldan tərcümə ediblər».

816 SƏHİFƏLİK MÜKƏMMƏL BİR KİTAB ALINIB

Tərtibçi antologiyanın mükəmməl alındığını bildirdi:

«816 səhifəlik mükəmməl bir kitab alındı. Növbəti nəşrlər üzərində iş hələ başlamayıb. Amma yəqin ki, poeziyanı başqası hazırlayacaq. Amma mən artıq dramaturgiya ilə bağlı cildin hazır materiallarının redaktəsinə başlamışam. Yəqin, tezliklə iş başlayacaq».

500 NÜSXƏ KİTABXANALARA PAYLANACAQ

Tərtibçi 500 nüsxənin kitabxanalara paylanacağını da dedi:

«Qərara alındı ki, daha 500 nüsxə çap olunub satışa çıxarılsın».

N.Əbdülrəhmanlı satışa çıxan antologiyanın qiyməti məsələsinə də aydınlıq gətirdi:

««Qanun» Nəşrlər Evində 816 səhifəlik, qalın üz qabığı ilə çıxan kitabdır. Yəqin ki, oxucuların vəziyyəti nəzərə alınacaq. Məncə, 10 manatdan aşağı ola bilməz».