«Pələng ili» dekabrın 13-də gələcək

«Pələng ili» iki hissəli dramın quruluşçu rejissoru Ağalar İdrisoğludur

-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerasına son hazırlıqlar gedir.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı əsəri əsasında hazırlanan «Pələng ili» iki hissəli dramın quruluşçu rejissoru Ağalar İdrisoğludur.

Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova olan tamaşada rəqslərin quruluşu və plastika Vüsal Mehrəliyevindir.

Yeni səhnə əsərində rolları Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Elşən Rüstəmov, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Sabir Məlikov, Məhərrəm Musayev, Ədalət Əbdülsəməd, Nuriyyə Əliyeva, Gülbəniz Mustafayeva, Mehriban Abdullayeva, İlqarə Tosova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Vüsal Mehrəliyev, Anar Səfiyev, Rasim Cəfərov canlandıracaqlar.

İllər sonra fərqli mühit və cəmiyyətdə qarşılaşan üç dostun başına gələn hadisələr meşədə vaqe olur.

Səmimi, şən bir ovqatla başlayıb, yaltaqlıq və şəxsi mənafe istiqamətində irəliləyən hadisələr ayrı-ayrı xarakterlərin daxili aləmini, iç üzünü açır.

Vəhşi pələngin meşədə peyda olması isə mövcud gərginliyi daha da artırır...

İlk tamaşa dekabrın 13-də saat 18.00da nümayiş etdiriləcək.