Mirzə Fətəli macar dilində danışdı

“Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitabı

-

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi şərəfinə onun əsərləri ilk dəfə macar dilində nəşr olunub.

Xəbəri AzadlıqRadiosuna səfirliyin mətbuat xidməti verib.

“Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitaba böyük ədibin altı komediyası və “Aldanmış kəvakib” povesti daxil edilib.

Əsərləri orijinaldan azərbaycanşünas-alim Mariya Keneşi çevirib.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı geniş müqəddimə yazıb.

Burada Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan və bütünlükdə türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi həyatındakı böyük rolundan, onun öz çoxcəhətli yaradıcılığı ilə yeni ədəbiyyatın və milli dirçəlişin banisinə çevrilməsindən bəhs edilir.

Xəbərdə bildirilir ki, hazırda Səfirlik M.F. Axundzadənin pyeslərindən birinin tamaşaya qoyulması üçün macar teatrları ilə danışıqlar aparır.

Xatırladaq ki, Mariya Keneşi Macarıstanın tanınmış türkoloqlarındandır. 1969-cu ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Budapeştdəki Eötvöş Lorand Universitetinin türkologiya kafedrasında çalışır.

Mariya Keneşi ötən il Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri”ni də macar dilinə çevirib, Kamal Abdulla ilə birgə "Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili" adlı kitab da yazıb.