Hitler diz üstə çökdü – Polşa qarışdı

-

Nasist Almaniyasının lideri olmuş Adolf Hitler-in diz üstə qoyulan heykəli Polşada səs-küy yaradıb.

Xəbəri «The Huffington Post» yayıb.

İtalyan heykəltəraşı Maurizio Cattelan-ın «O» adlandırdığı bu heykəlin əvvəllər Varşava Gettosu yerləşən məkanda qoyulduğu üçün anlaşılmazlıq doğurduğu bildirilir.

Heykəl bir evin bağlı həyətində qoyulub.

Onu yalnız uzaqdan — həyət darvazasının pəncərəsindən görmək olar.

Heykəlin ölçüləri balaca və arxası tamaşaçılara tərəf olduğundan onu dua edən uşaq da sana bilərsən.

Yəhudi İnsan Haqları Mərkəzinin təmsilçisi Simon Wiesenthal heykəli «amansız təxribat» adlandırıb.

Onun fikrincə, bu heykəl nasistlərin qurbanı olan yəhudilərin xatirəsini təhqir edir.

Mərkəzin rəhbəri Efraim Zuroff isə bəyan edib: «Yəhudilərə məlum olduğu kimi, Hitlerin yeganə «duası» onları yer üzündən silmək» idi.

Heykəl Cattelan-ın Varşavada keçirilən retrospektiv sərgisinin bir hissəsidir. Sənətkarın başqa əsərləri Ujazdowski Castle qəsrində yerləşən Müasir İncəsənət Mərkəzində nümayiş olunur.

MƏQSƏD TƏHQİR ETMƏK OLMAYIB

Xəbərdə vurğulanır ki, Hitlerin abidəsini heykəltəraşın öz xahişi ilə keçmiş Varşava Gettosu yerləşən yerdə qoyublar.

Müasir İncəsənət Mərkəzinin rəhbəri Fabio Cavallucci sərginin təşkilatçılarının nasizm qurbanlarının xatirəsini təhqir etmək kimi bir məqsədi olmadığını bildirib.

Cavallucci əlavə edib: «Heykəl hər yerdə ola bilən gizli Şərdən danışır».

«The Huffington Post» qəzeti qeyd edir ki, sərginin təşkilatçıları heykəlin harada qoyulması üçün Polşanın Baş Ravvini Michael Schudrich-lə məsləhətləşmələr aparıb və Baş Ravvin heykəlin keçmiş gettoda qoyulmasına etiraz etməyib.

NÖVBƏTİ ANLAŞILMAZLIQ

Öz növbəsində, Michael Schudrich bildirib ki, onu Şərin hətta günahsız uşaq maskasında gizlənmə bacarığının olmasının heykəldə əks olunduğuna inandırıblar.

Cattela-nın sərgisi ötən ilin noyabrında açılıb və fevralın 24-dək davam edəcək.

Yeri gəlmişkən, italyan heykəltəraşının işləri Polşada bir dəfə də anlaşılmazlıqla qarşılanmışdı.

2000-ci ildə polşalılar onun Roma Papası heykəlini («The Ninth Hour») bəyənməmişdilər.

Heykəldə meteorit çarpan Papa təsvir olunmuşdu...