Ağır xəstə məşhur adam olmayanda…

Nərmin Hüseynli

-
«İmkanlı şəxslərdən xahiş edirəm mənə kömək göstərsinlər ki, burdan sağalım, tez çıxım. Sağalmaq istəyirəm. Dəniz üzü, qar üzü görmək istəyirəm…».

Bir neçə gün əvvəl «Youtube»da yayılan videogörüntüdə onkoloji xəstə olan 17 yaşlı Nərmin Hüseynli kömək umur, «Sağalmağım üçün 150 min avro lazımdır, müalicəm xaricdədir» deyərək imdad diləyirdi. Nərmin vəd verməyi də unutmurdu: «Mən sağalandan sonra uşaqlara kömək edərəm, lazım olanda qan verərəm».

Göz yaşları içində boğulan, danışa bilməyən anası Məhbubə Hüseynova AzadlıqRadiosuna bircə onu deyir ki, həkimlər Nərmini artıq xəstəxanada saxlamağı məsləhət bilməyib və deyiblər ki, 2-3 günlük ömrü qaldığından evə aparın.

NƏRMİNİN TÜKDƏN ASILI HƏYATI

Nərmin Hüseynli bir ildir ki, çarə arayır. Yaxınları ona səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Yaxınları bunu da deyirlər ki, qızın müalicəsi xaricdə mümkünmüş, sümük iliyi köçürülməliymiş. Amma buna vəsait tapa bilməyiblər. Bacısı Mehin bir neçə ay «facebook» profilində ona nicat axtarsa da.

Mehin statuslarının birində «deputatlara, prezidentə, fonda, vəzifəli şəxslərə» dəfələrlə müraciət etdiyini, ancaq cavab almadığını yazıb. Onun bir başqa statusundan sitat: «Sizin saatınızın qiyməti 240.000 AZN-dir! Ancaq Nərminə sümük iliyi köçürülməsi üçün lazımi məbləğ 150.000!».

SİRROZ XƏSTƏSİ: «20-22 MİN MANATA EHTİYAC VAR»

«Facebook»da bir başqa elan da diqqət çəkir. 4 ildir qaraciyər sirrozundan əziyyət çəkən Ülviyyə Sadıqova da cərrahiyyə əməliyyatına maddi dəstək axtarır. Yevlaxda yaşayan Ülviyyə deyir ki, qardaşı ona donorluq edəcək, amma əməliyyat üçün külli miqdarda pul lazımdır:

«20-22 min manat lazımdır. Həkimlər deyirlər ki, əməliyyatı Bakıda edə bilərlər.

Ülviyyə Sadıqova

Evimizi girov qoymaq istədik, amma bank götürmədi ki, ailənin büdcəsi azdır. 63 yaşlı anam 150 manat alır, qardaşım da o qədər, mən də 100 manat təqaüd alıram. Adını söyləməyən bir işadamı deyib ki, vəsaitin yarısını verər. Amma yerdə qalan məbləği düzəldə bilmirik».

Hazırda Bakının Neftçilər Xəstəxanasında müalicə edilən Ülviyyə Sadıqova yaxın günlərin birində üzünün güləcəyinə inanır.

HÖKUMƏT KİMƏ ƏL UZADIR?

Nərmin, Ülviyyə həyatda sağ qalmaq üçün yardıma ehtiyac duyan çoxsaylı Azərbaycan vətəndaşlarından bir-ikisidir. Onlar sadə adamlardır – sağalmaq üçün dəstəyə ehtiyacı olan məşhurlardan və ya güclü sosial dayaqları olanlardan deyillər. Məşhurların hökumətdən, prezidentdən və ya onun xanımından dəstək almaq, xarici ölkədə bahalı əməliyyat keçirmək şansları var. Məsələn, son vaxtlar keçmiş diktor Rafiq Hüseyn, şair Vaqif Səmədoğlu, jurnalist Nicat Dağlar bu çarəsizliyi aşa biliblər.

YENƏ İCBARİ TİBBİ SIĞORTA

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, əslində hökumət hər kəsə fərdi kömək edə bilməz.

Adil Qeybulla

Sağlamlığı qarşısında əlacsız qalmamağı icbari tibbi sığortanın tətbiqində görən professorun fikrincə, bundan sonra tibbi xidmətlə bağlı problemlərin çoxu həllini tapacaq:

«Sığorta təbabəti sosial müdafiənin çox böyük elementi olduğu kimi tibb sahəsində də çox mühüm seçim vasitəsidir. Qaraciyər, böyrək köçürməsinə heç də hamının ehtiyacı yoxdur. Olanların ehtiyacını da tibbi sığorta qarşılayacaq».

ÜMİD XEYRİYYƏÇİLƏRƏDİR?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlının fikrincə, sığorta şirkətlərinin icbari tibbi sığortanın öhdəsindən gəlməsi üçün hər cür imkanları var. Dövlət bu sistemi işə salması yetər:

«Məndə olan məlumata görə, icbari sığortanın tətbiqi üçün yeni bir qanun layihəsi hazırlanır. Yəqin ki, bütün əhali icbari sığortaya cəlb olunacaq».

Maliyyə naziri Samir Şərifov da ötən ilin yayında jurnalistlərə bildirmişdi ki, «tibbi sığortanı gündəlik həyatda tətbiq etmək mərhələsi» artıq gəlib çatıb. O, səhiyyə qurumlarının yeniləşmiş infrastrukturunun da buna imkan verdiyini dilə gətirmişdi.
Bu ilin dövlət büdcəsində səhiyyə xərcləri investisiyalarla birgə 800 milyon manatdan çoxdur. Amma icbari tibbi sığortanın olub-olmayacağı bəlli deyil. Sağlamlığı çox ciddi təhlükə altında olan Nərmin və Ülviyyə kimi vətəndaşlarsa, hələ ki, yalnız xeyriyyəçilərdən kömək ummağa məhkum görünürlər...