Mədəniyyət və Turizm Nazirliyi: Müstəqil teardırlar, müstəqil yaşasınlar...

«ODA» teatrı


«ODA» Teatrı yarananda da biz onların yaranması haqqında heç bir şey bilməmişik. Çünki onlar müstəqil olaraq özləri yaranıblar. Bütün dünyada belə teatrlar var. Müstəqil teatr olaraq özləri özlərini həm də maliyyələşdirməlidirlər. Müstəqil teardırlar, müstəqil yaşasınlar, müstəqil iş görsünlər».

Bunu Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva «ODA» Teatrının nazirliyə ünvanladığı ittihamlara cavab olaraq bildirir.

«ODA» Teatrının yerləşdiyi «Zirzəmi» məkanı iyunun 1-də maliyyə çətinlikləri üzündən bağlanıb.

Teatr bildirir ki, «Mədəniyyət və Turizm Nazirliyi yeganə müstəqil teatrın müraciətini cavabsız qoymaqla teatr şəbəkəsinin inkişaf etdirilməsində maraqlı olmadığını, müstəqil teatra dövlət tərəfindən dəstək verilmədiyini açıq şəkildə göstərir. Halbuki adıçəkilən nazirlik hər hansı rəsmi müraciəti gözləmədən teatrın məkansız qalma xəbərini tutan kimi həmin teatrla əlaqə yaratmalı və problemin həllində birbaşa iştirak etməli idi. Bizim müraciətimizin cavabsız qalması ölkədə nazirlik tərəfindən, dövlət qurumları tərəfindən müstəqil teatra laqeyd münasibətin göstəricisidir».