«Azəriqaz» 24 rayon və şəhərin qazını kəsib

«Azəriqaz» bundan sonra ən radikal addımlara əl atacaq

«Azəriqaz» Səhmdar Cəmiyyəti qaz pulunun yığım səviyyəsi aşağı olan 24 rayon və şəhərin qazını tam kəsib. Daha 6 rayonda isə kəndlərə qaz verilməsi dayandırılıb. Qazı kəsilənlər arasında Gəncə, Sumqayıt kimi iri şəhərlər də var.


Bu barədə «Azəriqaz»dan bildiriblər. Səhmdar Cəmiyyətin Nəzarət Xidmətinin rəhbəri Nüsrət Qasımov deyir ki, onların belə bir tədbirə əl atmaqda məqsədi məsuliyyətsiz abunəçiləri ictimai qınaq obyekti etməkdir:


«Bu işə həmin bölgələrin ziyalıları müdaxilə etməlidir, deməlidir ki, ay qardaş, sənə görə başqaları da qazdan məhrum olur, qaz pulunu mütləq ödəmək lazımdır».


«Azəriqaz»dan bildiriblər ki, prezident İlham Əliyevin enerjidaşıyıcılara görə ödənişlərin səviyyəsini 100 faizə qaldırmaq göstərişinə əməl etmək üçün bundan sonra ən radikal addımlara əl atacaqlar.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, qaz pulu verməyənlə birlikdə qaz pulu verənin də qazının kəsilməsi qanunsuzdur. O, deyir ki, «Azəriqaz» qaz təchizatında monopolist olduğu üçün abunəçinin onun xidmətlərindən istifadə etməkdən başqa yolu yoxdur, ona görə də bu tədbir istehlakçıların hüquqlarının pozulmasıdır.


Son məlumata görə, Gəncə, Sumqayıt, Tovuz və Quba rayon icra hakimiyyətləri yığımın 100 faizə çatdırılması barədə zəmanət verdikləri üçün «Azəriqaz» avqustun 6-dan həmin bölgələrə qaz verilməsini bərpa edəcək.