Avqustun 5-də «Azəriqaz» Səhmdar Cəmiyyəti (SC) məişət qazının tam haqqını ala bilmədiyi 24 rayona qaz verilməsini dayandırdı. Prezidentin ilin sonuna qədər qazın haqqını tam yığmaq barədə bu yaxınlarda verdiyi tapşırığı yerinə yetirmək istədiklərini deyən «Azəriqaz» rəsmiləri öz addımlarını qanunlara tam uyğun hesab edirlər. SC-nin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı deyir ki, ilin əvvəlindən bu rayonların rəhbərlərinə xəbərdarlıq edilib: «Qarşımızda verilən qazın dəyərinin 100 faiz yığılması tələbi qoyulub. Əgər hətta 50 faiz də pul ödənilmirsə, əlbəttə, bu addım qanunidir. O ki qaldı vətəndaşlara, onlar ödədikləri pula görə qaz işlədiblər. İndi isə qaz vermirik və pulunu da almırıq. Burada hüquq pozuntusundan söhbət gedə bilməz».
Cənab Eyvazlı əlavə edir ki, rayonların kütləvi şəkildə qazpulunun ödənilməsindən imtina etməsi indiyə qədər görünməmiş səviyyəyə çatıb. O, xəbərdarlıq edir ki, borclarını ödəməyən rayonlara hətta payız, qış mövsümündə də qaz verilməyəcək.
Amma «Azəriqaz»ın bütöv rayonları cəzalandırmaq cəhdinin qanunsuzluq olduğunu düşünənlər də çoxdur. Çünki bu halda işlətdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyən vətəndaşla borclular arasında fərq qoyulmur. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov düşünür ki, «Azəriqaz»ın atdığı bu addım yerli və beynəlxalq qanunlara ziddir. Əgər xidmətdən istifadə edən adam pulunu ödəyirsə, nə üçün ona yenə də qaz verilməsin? Bu vəziyyəti aradan qaldırmaq üçün yaxşı olar ki, «Azəriqaz» öz işin təkmilləşdirsin: «Azəriqaz» kart sisteminə keçə bilər. Vətəndaş kartı müvafiq qurğuya salıb lazım olan qədər qaz istifadə edir, limit itəndə qaz kəsilir. Bununla da hər kəs ehtiyacı olan qədər qaz istifadə edir. Pul verənlərin pul verməyənləri qınamasına çalışıb vətəndaş qarşıdurması yaratmaq sabitliyi poza bilər».
Cənab Hüseynova görə, bu cür halların baş verməsinin bir səbəbi də hökumətin istehlakçı siyasətinin olmamasıdır.
Bəzi mütəxəssislər isə hesab edirlər ki, xoşagəlməz hal olsa da, amma belə sərt tədbirlər çox vaxt öz bəhrəsini verir. Yəni bu təcrübə özünü doğruldub və qazı kəsilən rayonlar sonradan qazpulunu lazımi qaydada ödəyirlər.
Sabiq millət vəkili Əli Əlirzayev bildirir ki, bütövlükdə rayonun qazının kəsilməsi pulu tam ödəməyənləri qorxutmaq üçün bir vasitədir: «Bu, müvəqqəti inzibati tədbirdir. Bununla göstərilir ki, qaz verilməsə, daha pis vəziyyət yaranar».
Cənab Əlirzayevin fikrincə, ölkə bütövlükdə sayğac sisteminə keçəndən sonra belə problemlər aradan qalxacaq.
«Azəriqaz» Səhmdar Cəmiyyəti bir müddət əvvəl Bakıda da qazpulunu verməyən bütöv məhəllələrin qazını kəsirdi. Amma sonradan bunun kəskin etirazlar yaratdığını görüb hər bir mənzilin qazını ayrıca kəsməsi üçün şərait yaratmağa başladı.