Gəncədə yüzlərlə sakin qazsız qalıb

Gəncənin yüzlərlə sakini qazsız qalıb. Şəhər Qaz İdarəsi iki gündür ki, qazpulu verməyən sakinlərin mavi yanacağını kəsib. İdarənin rəis müavini Cavad Məmmədovun sözlərinə görə, əhalinin on il ərzində 6 milyon yeni manatdan artıq borcu var. Onun dediyinə görə, avqust ayı ərzində yığım 50 faizi ötsə də, «Azərqaz» Səhmdar Cəmiyyəti ödənişlərin tam şəkildə verilməsini tələb edir.


İşlətdikləri qazın pulunu ödədiklərini deyən sakinlər isə, problemin qazpulunun ödənilməsində deyil, yığılan vəsaitin büdcəyə tam çatdırılmamasında olduğunu bildirirlər. Onlar problemin həllini evlərə qaz sayğaclarının quraşdırılmasında görürlər.