Beyini daha yaxşı işlətməyin 7 yolu [2-ci yazı]

Foto: Arxiv

-

Əvvəli burada

ÖYRƏNMƏK

Öyrənmək beyinimizin təbii şəkildə gördüyü işdir və əslində, insan doğulmazdan bir ay öncə başlanır. Öyrənmək deyərkən, yararlı (və ya yararsız) bilgi və qabiliyyətlər qazanmaq və yadda saxlamaq prosesi nəzərdə tutulur.

Bu zaman nə baş verir? Məlumat-bilgi qəbul edərkən, beyin bəzi bağlantıları qoparıb yenisini yaradır. İnsanlar fəal şəkildə öyrənəndə yeni bağlantılar köhnələri üstələyir. Siçanlar üzərində aparılan araşdırmalar göstərir ki, yenilərin yaranması prosesi çox sürətli gedir. Amma yeni bilgilər yalnız istifadə edilərsə, qalıcı olur.

İngiltərədəki York Universitetində çalışan Alan Baddeley belə qalıcılıq və bildiklərimizin zamanla unudulmaması üçün bildiklərimizə daim yeni bilgilər artırmağı çıxış yolu sayır.

Öyrənmə ömür boyu sürən bir prosesdir. Soruşa bilərsiniz ki, elə isə, bəs yaşlı adamlar niyə yeni bilgi qazanmaqda çətinlik çəkirlər? Alimlərin təsəlliverici cavabları var: Birincisi, yavaşlamanın səbəbi fizioloji deyil, sadəcə, insanların yaşlandıqca öyrənməyə daha az zaman ayırmasındadır. Axı yaşlılar yeni bilgilərə gəncliklərində olduğu qədər həyəcan və istəklə yanaşmırlar.

Nevada Universitetindən Gabriele Wulf yaşlıların daha çox detallara – ayrıntılara fikir verməsinə, gənclərinsə dərhal əmələ keçib hədəfə köklənməsinə diqqət çəkir. Onun fikrincə, yaşlı insanlar zehin işlətməklə «qısa – kəsə yollara» baş vurmaqdan çəkinməlidirlər.

Fəal çalışmaq da bir başqa yoldur. İnsan yaşlandıqca beyin toxumasında itkilər meydana gəlir. Ancaq bu, əslində, yaşlanmaqdan deyil, belə insanların yeni şeylər öyrənməyə, yeni işlər görməyə daha az zaman xərcləmələrindən qaynaqlanır. Bir neçə təmrinlə, təkrar çalışmalarla beyin əvvəlki canlılığına qovuşa bilər. Son araşdırmalar göstərir ki, həftədə 3 gün və hər dəfə 40 dəqiqəlik məşqlərlə bir il içində hipokampusun – beyində uzunmüddətli hafizəylə bağlı əməliyyatları gerçəkləşdirən bölgənin ölçüləri gözəçarpan dərəcədə dəyişir.

BİLGİ

Beyinin ən faydalı özəlliklərindən biri bilgi zərrələrini toplamaq və aralarında bağlantılar qurmaqdır. Bilgi, əslində, gücdür. Az miqdarda bilgi təhlükəlidir, çox bilgi isə həyata dad qatır və yaşam keyfiyyətini artırır.

Bilgi nədir, necə toplanır? Faktlar yaddaşa necə köçürülür, necə sıralanır və ehtiyac duyulanda necə geri çağırılır?

Yaddaş, təbii ki, bilginin bankıdır. Yaddaş deyərkən, özəlliklə nəsnələr, adamlar, olaylar və yerlərlə bağlı ümumi bilgilər ağla gəlir. Buna artıq semantik yaddaş deyilir. Bu yaddaş xatırladır ki, tutalım, Bakı Azərbaycanın paytaxtıdır.

Bilgi hansı bilgiləri toplayıb-saxlamaqdan çox, bunları necə təşkil etməyimizlə bağlıdır. Yaxşı təşkil edilən bilgi sayəsində dünya barədə detallı və zəngin təsəvvür qazana bilərik.

Ancaq beyinin bu bilgi xəzinəsini necə təşkil etməsi tam şəkildə bilinmir. Son araşdırmalardan birinə görə, beyində bilgiləri yerbəyer etməyə cavabdeh bir «mərkəz» var. Bu mərkəz bildiyimiz hər şeyə sanki etiket yapışdırır və onları siniflərə ayırır. Beləcə, bir-biriylə bağlı şeylər – nəsnələr arasında bağlantı qura bilirik.

«Necəsən?». Beyini oxuyan kompüter.

Bunu gəlişdirə bilərikmi? Axı beyinə sığışdırıla biləcəyimiz bilgilərin son həddi yoxdur. Bilindiyi qədəriylə bugünədək kimsənin beyini dolu olduğu üçün yeni bilgiləri rədd etməyib.

Hərçənd, Almaniyanın Tübingen Universitetinin əməkdaşı Michael Ramscar uzunömürlü insanların beyinlərinin zamanla doluluq nöqtəsinə çatdığını iddia edir. O, yaşlıların informativ qabiliyyətlərinin azalmasını, aşırı dolu kompüterin «beyininə» bənzədir. Axı bəlli yaddaş həddi olan kompüterin də yeni bilgiləri yaddaşa köçürməsi uzun zaman alır…

YARADICILIQ: YALNIZ DOLU BEYİNDƏN YARADICI FİKİRLƏR DOĞUR

Dreksel Universitetinin neyropsixoloqu John Kounios bəzi beyinlərin yaradıcılıq baxımından daha şanslı olduğunu bildirir. Onun sınaqları kəşflə nəticələnib: sən demə,sağ yarımkürəsini daha çox çalışdıran adamlar öz problemlərini məntiqdən çox intuisiya ilə çözürlər. Kounios bu beyin özəlliyinin genetik ola biləcəyinə diqqət çəkir.

Sual olunur: daha yaradıcı bir beyinə necə sahiblənmək olar? Bundan ötrü əvvəlcə həmin beyinə bilgilər vermək lazımdır ki, əməliyyat aparsın. Yalnız dolu beyindən yaradıcı fikirlər doğur.

Yaradıcı fikirlərin özünü büruzə verməsi üçün daha rahat, stressiz bir şərait gərəkdir. Elmi araşdırmalar göstərir ki, insan özünü rahatlamış və xoşbəxt hiss edirsə, onun beyini yaradıcılığa gərgin və təlaşlı adamın beyinindən daha çox uyğundur.

Bir başqa araşdırmaya görə, yaradıcı fikirlər insanın çox yorğun vaxtlarında ortaya çıxır. Söhbət adamın diqqətini bir şeyə cəmləşdirməyəcəyi qədər yorğun çağından gedir.

2011-ci ildə gerçəkləşdirilən bir araşdırma başqa bir gerçəyi üzə çıxarıb: səhər-səhər daha fəal insanlar gecənin gec saatlarında, gecələri daha fəal olanlarsa səhər çağı daha yaradıcı olmağa meyllidir.

Gələcəkdə daha yaradıcı beyinlərin formalaşdırılmasında beyini elektriklə qıcıqlandırma üsullarından yararlana bilərlər. Təcrübə və sınaqlar bu yolla beyin fəaliyyətini 40 faiz artırmağın mümkünlüyünü göstərir.

ZƏKA: TƏK YUMURTA ƏKİZLƏRİNİN IQ DƏRƏCƏLƏRİ BİR-BİRİNƏ DAHA ÇOX BƏNZƏYİR

Zəkanın, bir başqa sözlə, intellektin ölçülməsi həmişə problem doğurub. Bunun səbəbi intellektin – zəkanın tək bir «şey» olmamasıdır. Müxtəlif IQ testlərindən alınan xallar araşdırılarkən tək bir ümumi zəka amilinin təsir etdiyini söyləyə bilərik. Bunun akademik uğur, gəlir, sağlamlıq və həyat gözləntilərimizdə bəlli rol oynadığı elmi sübutunu tapıb.

Əkizlər

Deməli, yüksək zəka yaxşı şeydir. Bəs bu zəka nədən qaynaqlanır? Bu sualın cavabı daha çox genetikada axtarılır. 1990-cı illərdə əkizlərlə bağlı ilk sınaq aparılıb. Məlum olub ki, birgə böyümüş cüt yumurta əkizlərinin IQ dərəcələri ilə müqayisədə ayrı-ayrı yerlərdə böyüyən tək yumurta əkizlərinin IQ dərəcələri daha bir-birinə bənzərdir. Ancaq bu, mühitin intellektə heç təsir göstərməməsi anlamına gəlmir. Uşaq vaxtı qidalanma, tərbiyə və mühitin beyinə çox önəmli təsiri artıq bilinir. Pis qidalanan, yaxşı təhsil və tərbiyə almayan uşaqlar genetik potensiallarını da lazımi dərəcədə üzə çıxara bilmirlər.

Amma bu da var ki, yaxşı tərbiyə və təhsil görən və gərəyincə qidalanan uşaqlarda da mühitin təsiri zamanla zəifləyir. Yetkin bir insanda genetikanın rolu 60-80 faiz, uşaq və yeniyetmələrdə 30 faiz civarındadır. Bəyənsək də, bəyənməsək də, yaşlandıqca yaxın ailə üzvlərimizə bənzərliyimiz çoxalır.

Zəka bu qədər önəmli rol oynayırsa, bəs yetkin insanlar öz intellektlərini necə artıra bilərlər? Xoş cavabı odur ki, tək bir tip IQ (tutalım, filan sahəyə dair bilik səviyyəsi) həyat boyunca inkişafa açıqdır. Xeyli sayda alim məntiqli olanı tapıb üzə çıxarmaq, bənzərlikləri ümumiləşdirmək bacarığını ölçən axıcı intellektlə bu günədək öyrəndiklərimizin yekunu olan kristal intellekt arasındakı önəmli fərqə diqqət çəkir. Axıcı zəka yaşla birlikdə yavaşladığı halda, kristal zəka inkişafını davam etdirir. Dolayısıyla yaşlandıqca öyrənmə sürətimiz yavaşlayırsa, daha ağıllı davrandığımızı iddia edə bilərik.

DOĞRU ZAMAN

Sonda maraqlı bir sual: Günün hansı saatında beyinimizi daha yaxşı işlədə bilərik? Alimlər hər kəsin fərqli bioloji saatı olduğunu söyləyir, amma 2 ayrı zamanı da diqqətə yetirirlər: İnsan beyini bütövlükdə səhərlə günorta arasında, bir də günortadan sonra saat 4-lə 10 arasında daha çevik çalışır. Hər halda alimlər bu fikri paylaşırlar.