Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi oktyabrın 27-dən paytaxt Bakıdakı orta məktəblərdə siqaret və narkomaniya əleyhinə maarifləndirmə işlərinə başlayır. İdarənin rəisi Şamil Seyidlinin dediyinə görə, onlar orta məktəblərdə araşdırmalar aparıblar və məlum olub ki, Bakıda şagirdlərin təxminən 60-70 faizi siqaret çəkir. Cənab Seyidli deyir ki, həmin siqaret çəkən şagirdlər arasında qızlar da çoxluq təşkil edir.
İlkin olaraq tədbirlər Bakının Səbayel və Nəsimi rayonlarındakı orta məktəblərdə keçiriləcək.
Şamil Seydli deyir ki, dərs vaxtı Bakının meydan və parklarında gəzən uşaqlara da diqqət yönəldiləcək. Saxlanılan uşaqların hansı məktəbdə oxuduğu, məktəb direktoru və valideynlərin məsuliyyəti araşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi bu tədbirləri ilin sonuna qədər davam etdirmək niyyətindədir.
Bakının Səbayel rayonundakı 7 saylı məktəbin 7-8-ci sinfində oxuyan şagirdlər bildirdilər ki, özləri siqaret çəkməsələr də yuxarı sinif şagirdlərinin məktəbdə siqaret çəkdiyini görüblər.
Məktəbin direktor müavini Nuridə Abdullayeva isə şagirdlərin məktəbdə siqaret çəkdiyini inkar edir. Onun sözlərinə görə, ola bilər 10-11-ci sinif şagirdləri arasında belə şagirdlər olsun, amma onların məktəb binasında siqaret çəkməsinə icazə verilmir: «Ola bilər bayırda, məktəbin qabağındakı parkda çəksinlər, amma məktəbin daxilində buna imkan verilmir».
Müstəqil Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, istənilən halda orta məktəblərdə polisin işləməsi müsbət bir hal deyil. Onun sözlərinə görə, ola bilər ki, müəllim, valideyn və psixoloqların iştirakı ilə keçirilən belə tədbirlərdə polis əməkdaşı müşahidəçi qismində iştirak etsin. Mahmud Hacıyevə görə, polisin birbaşa bu işlərə başlaması bəzi problemlərin aradan qaldırılmasına yardımçı olsa da, şagirdlər arasında narazılıq da yarada bilər. Polisin şagirdlə təması müəllim və aktiv valideynlərin iştirakıyla olmalıdır.
Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Alyansının Milli Əlaqələndiricisi Nabil Seyidovun da söylədikləri də təxminən Mahmud Hacıyevin fikirlərilə üst-üstə düşür. Amma Nabil Seyidov hesab edir ki, əslində məktəblərə daxil olmazdan əvvəl hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayanlara siqaret və spirtli içki satanlara qarşı mübarizə aparmalıdır. Cənab Seyidovun dediyinə görə, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da 18 yaşı olmayanlara siqaret və alkoqollu içki satılması qadağandır. Amma, buna heç kim-nə satıcı, nə alıcı, nə də cəmiyyət ciddi əhəmiyyət verir.