-
Üzeyir Cəfərli: “Yeni hərbi nizamnamələrdə bir qədər də liberallaşma gedəcək, hər şey insan naminə olacaq”
Azərbaycanda əsgər yollanan gənclər bəzən təşvişə düşür, həyəcan keçirirlər. Əsgərlik onların haqqında çox az şey bildiyi, tanışdan-bilişdən eşitdiyi, bir az romantik, bir az sərt bir mühitdir.
Onları burda yeni vəzifələr, yeni qaydalar, məhdudiyyətlər gözləyir. Onlar indi ancaq hərbi qaydada yaşamalı, mülki həyatdakı əksər rahatlıqları, sərbəstliyi, azadlığı unutmalıdırlar. Əslində unutmalıdırlarmı? Bu haqda istefada olan zabit Üzeyir Cəfərovla danışırıq.
- Üzeyir bəy, əsgərlərin hansı hüquqları var?
- Azərbaycan əsgəri də Azərbaycan vətəndaşı kimi Konstitusiyada təsbit edilmiş bütün hüquq və azadlıqlara malikdir. Yeganə fərqləndirici cəhət odur ki, əsgər hərbi xidmətdə olanda onun hüquqları əsgəri nizamnamələrlə tənzimlənir. İntizam, sıra, qarovul və s. haqda nizamnamələrlə.
Əlbəttə, mülki həyatdan fərqli olaraq əsgəri xidmətdə bəzi məhdudiyyətlər var. Əsgərin mülki həyatda edəcəkləri hərbi xidmətdə yolverilməzdir. Hərbi qulluqçunun ixtiyarı yoxdur ki, siyasi təşkilatda, dini icmada təmsil olunsun. Ancaq əsgərin hüquqları əlindən də alınmır.
Çox təəssüflər olsun ki, yetərincə maarifləndirmə işi aparılmadığından adama elə gəlir əsgər hərbi xidmətə gələn kimi az qala heç bir hüququ olmayan, heç yerə şikayət edə bilməyən varlığa dönür. Mən elə düşünmürəm.
Hərbi xidmət dövrümdə öz hüquqlarını müdafiə edən çoxsaylı əsgər görmüşəm. Sadəcə, Azərbaycan əsgərləri çox vaxt xidmət dövründə tənbəllik edərək hüquqlarını öyrənmirlər. Buna görə də bəzən zabitlər onların hüquqlarını pozur, əsgərə bəzi problemlər yaşadırlar. Əsgər hüququ pozulduqda təqrir, yəni raport yazmaqla yuxarı komandanlıq qarşısında məsələ qaldıra bilər.
- Əsgərə qoyulan məhdudiyyət hara qədərdir? Bütün xidmət boyu nələr qadağandır?
- Əsgərin hüquq və vəzifələri var. Komandirin bütün əmr və tapşırıqlarına sözsüz riayət etməlidir. Komandir verdiyi əmrə görə məsuliyyət daşımalıdır. Məşhur deyimdə olduğu kimi komandir hər zaman haqlıdır. Əsgərin hüquqları dediyim kimi nizamnaməylə tənzimlənir.
Düzdür, bizim nizamnamələr sovetdən qalmadır. Dəfələrlə bu məsələni qaldırmışıq. Şükürlər olsun ki, indi bu məsələ Milli Məclisdə Müdafiə və Təhlükəsizlik Komitəsində güc strukturlarının nümayəndələriylə müzakirə edilir.
Mən gözləyirəm ki, bu ilin axırı, gələn ilin əvvəlində sırf Azərbaycan nizamnaməsi əsgər və zabitlərimizin sərəncamında olacaq. Həmin nizamnamələrdə bir qədər də liberallaşma gedəcək, belə deyək hər şey insan üçün, insan naminə olacaq. Yeni nizamnamələr müaisr tələblərə cavab verəndən sonra əsgərlər, zabitlər üçün qulluq etmək də asan olacaq.
- Əsgər xidmətə başlar-başlamaz hərbi and içir. Bunun özü onun azadlığına məhdudiyyət qoymurmu?
- Əsgər hərbi andı ona görə içir ki, vətənə və xalqına sədaqətlə qulluq edəcək, hətta lazım olsa canından belə keçəcək. Komandanlığın qarşısında qoyduğu vəzifələri həyatı bahasına olsa belə yerinə yetirməyə and içir. Bu bütün dünyada belədir.
Bu and əsgəri problemlərlə üz-üzə qoymur. O, vətənə sədaqətlə xidmət edəcəyinə and içir və andına xilaf çıxarsa ölkə qanunlarının ona sərt şəkildə tətbiq olunmasına imza atır. Burada Allah uzaq etsin, vətənə xəyanət, dövləti, hərbi sirlərin qorunması nəzərdə tutulur.
- Tutalım, əsgər əsir düşüb və hərbi sirri verməyəcəyinə də and içib. Ancaq ona işgəncə verilir, həyatı təhlükə altındadır. Hansı mühümdür: sirr və ya insan həyatı?
- Ayrı-ayrı ölkələrdə fərqli yanaşmalar mövcuddur. Məsələn, İsraildə əsgər əsir düşürsə, qanun imkan verir ki, əsgər həyatını itirməmək üçün hərbi sirri açsın. Bizdə, bu yoxdur. Əsgərə bu imkan verilmir.
Çox təəssüflər olsun ki, bəzən bizim hüquq-mühafizə orqanları əsgərlərimizin hüquqlarına girirlər. Bizim hüquq müdafiəçiləri də buna diqqət yetirmirlər. Nəyi deyirəm? Bizim sıravi əsgərlər hərbi sirri yaymaq adıyla ən ağır maddələrlə - dövlətə xəyanətdə ittiham olunurlar.
Amma gəlin baxaq, əsgər hansı dövləti və ya hərbi sirri bilir? Ümumiyyətlə, dövlət və hərbi sirr anlayışının qanunda açıqlaması verilib. Əsgərin bildiyi özünün manqasında, tağımında, uzağı bölüyündə olan vəziyyətdir. O da belə götürsək geniş hərbi sirr sayılmır. Bunu götürüb əsgəri ağır maddələrlə ittiham etmək yolverilməzdir.
- Sovet dönəmində məşhur deyim vardı: “Maddə bir -komandir həmişə haqlıdır. Maddə iki – inanmırsan, qayıt 1-ci maddəyə yenidən bax”. Bayaq siz də dediniz, komandir hər zaman haqlıdır. Yəni əsgərin zabitə etiraz haqqı yoxdurmu?
- Əsgərlə zabitin münasibəti qanunvericiliklə tənzimlənir. O yerdə ki zabit və əsgər qanun çərçivəsində hərbi xidmət göstərir, orda ciddi problem yoxdur. Bəzən deyirlər ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda hər şey “ustav”ladır, yəni nizamnamə çərçivəsində həyata keçirilir. Bunun nəyi pisdir? Silahli Qüvvələrlə Əlahiddə Ümumqoşun Ordusunu götürəndə arada nə qədər fərq var. Çünki Naxçıvanda hərbçilər qanun çərçivəsində davranırlar.
O yerdə ki bu məsələlərdə boşluq var, Hərbi Prokurorluğun illik məlumatına və ya hərbi tribunallarda baxılan işləri götürsək, “nizamnamədən kənar”nə qədər hadisə baş verdiyini görərik. Bunun qarşısı alınmalıdır. Zabit vəzifəsinə, borclarına vicdanla yanaşsa, tabeçiliyindəki əsgərə, çavuşa doğması kimi yanaşsa ciddi problem də yaşanmaz. O hərbi hissələrdə ki, komandirlər özlərini qanundan üstün sayırlar orda ciddi sıxıntılar yaranır. Komandirlər yetərincə məsuliyyətli olmalıdırlar.
- Zabitin əsgər qarşısında öhdəliyi nədir?
- Zabit əsgər üçün xidmətdə atadır, anadır, qardaşdır, əsgərə doğması kimi yanaşmalıdır, nizamnamə də bunu tələb edir.
Bəziləri bunu dərindən qavramır, rusların vaxtında “polibratstva” anlayışı vardı. Amma Azərbaycanda situasiya fərqlidir. Müharibəylə əlaqədar hərbi hissələrin əksəriyyəti döyüş bölgəsində yerləşir. Bu gün səhra şəraitində gözdən, qulaqdan iraq xidmət keçən əsgər və zabitlərimiz bəzən nizamnamədən kənar münasibətlərlə üzləşirlər.
Bu əslində, bütün dünyada belədir, Amerikada da belədir, Türkiyədə də, Ermənistanda da... Bu cür xoşagəlməz hadisələr tənzimlənməlidir. Çünki insan bir dəfə yaşayır.
- Bu müsahibə saytımıza yazan oxucunun istəyi ilə hazırlanır. O, rütbələr haqqında da məlumat istəyib.
- O sualı verən adam ali təhsillidirsə, hərbi xidmət dövründə ən azından leytenant rütbəsini ala, sonrakı həyatını güc strukturlarıyla bağlaya bilər.
Yəni leytenant, baş leytenant, kapitan və s. Siravi əsgərdisə kiçik çavuş, çavuş, baş çavuş, sonra kiçik gizir, gizir rütbələri ala bilər. Sovetdən fərqli olaraq bizdə yefreytor, serjant rütbəsi yoxdur.
Əsgər yaxşı xidmət edirsə komandanlığa təqrir yazılır və ali təhsillilər 9 ay xidmət göstərdikdən sonra kursa göndərilir. 3 aylıq kursdan sonra ilkin zabit rütbəsi alır, müqavilə əsasında ilyarım və ya 3 il müddətində qulluq göstərir. Gizir və çavuşlar isə 45 günlük, 3 aylıq kurslara göndərilir. Bəzən müstəsna xidmətlərinə görə də sıravi əsgərə rütbə verilə bilər.