Qafqazda İŞİD izləri

Arxiv fotosu, Dağıstandan görüntü.

.

BEYNƏLXALQ BÖHRAN QRUPUNDAN QAFQAZ XƏBƏRDARLIĞI

"İslam Dövləti silahlı qruplaşmasının regiondakı yaraqlılara təsiri riski getdikcə yüksəlir”.

Bu xəbərdarlıqla iyulun 7-də Beynəlxalq Böhran Qrupu (BBQ) “Şimali Qafqaz: İnteqrasiya Problemləri: İqtisadi və sosial tələblər” başlıqlı hesabatında çıxış edir.

“Keçmiş Al-Qaeda-ya bağlı “Qafqaz Əmirliyi” qruplaşmasının liderləri İslam Dövləti qrupu ilə əlaqələrindən danışırlar. Bu qruplaşma 2007-ci ildən bəri regionda hücumlar həyata keçirib.

Rusiyada iqtisadi böhran baş verdiyi bir vaxtda münaqişə yeni mərhələyə daxil ola bilər. Adətən zorakılığın səbəbləri dini, etnik və tarixi gərginlikdə axtarılır, ancaq səbəblər daha mürəkkəbdir.

Ukrayna prezidenti Petro Poroshenko

POROSHENKO VƏ OLİQARXLAR

“Ukrayna vətəndaşları “Yeni Rusiya”nı məğlub etdilər, indi də Poroshenko Ukrayna oliqarxlarını məğlub etməlidir”. “Financial Times”da Alberta Universitetindən Taras Kuzio belə yazır. Müəllif qeyd edir:

“Yaxşı xəbər odur ki, Rusiya və Donbasın separatçı liderləri “Yeni Rusiya” layihəsinə son verdiklərini bildirirlər. Layihə Ukraynanın şərqində və cənubunda 8 rusdilli regionun Rusiyaya birləşməsini hədəfləyirdi. Ukrayna rusdillilərinin prezident Vladimir Putin-in fanatları olduğunu düşünmək səhv yanaşma idi.

Pis xəbər də odur ki, Ukraynada siyasi boşluq və selektiv “oliqarxsızlaşdırma” keçmiş hakim Regonlar Partiyasının bəzi mühafizəkar üzvlərinin müxalifət blokunda birləşməsinə şərait yaradır. Ukraynanın güclü qaz lobbisi onların ölkənin şərqində və cənubunda nüfuz qazanmasına kömək edir".

"Bu gün iki rusdilli Ukrayna var.

Birincisi Avromaydandan törəyən vətəndaş cəmiyyətidir. Könüllü vətənpərvərlər cəbhə xəttində vuruşur, digər qruplara və məcburi köçkünlərə yardım edir. İkinci qrup isə Regionlar və Kommunist Partiyalarının ənənəvi tərəfdarlarıdır. Onlar həyat şəraiti və “sabitliyi” demokratikləşmə və Avropadan üstün tuturlar".

Yunanıstanın Baş naziri Alexis Tsipras

AVROPANIN BAŞAĞRISI HƏLƏ İNDİ BAŞLANIR

Josef Joffe “Wall Street Journal”da yazır ki, yunanların avrozonadan məcburi, yaxud könüllü çıxmasını unutmaq lazımdır: “Avrozonanı tərk etsə belə, Yunanıstanın Avropa Birliyi milyardlarına çıxışı qalacaq. Bu, Portuqaliya və İspaniya üçün yaxşı presedent yaradır.

Yunanıstanı avrozonadan çıxarıb atmaq Almaniya kansleri Angela Merkel və Fransa prezidenti François Hollande-ı sakitləşdirmiş olar. Bu, Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-i də məmnun edər.

Borc əvəzinə qənaət tədbirləri və islahatlara getmiş Portuqaliya və İspaniya isə bundan ürəklənər".

"Ancaq Yunanıstan hələ də Avropa Birliyində qalacaq, sadəcə yolları dəyişəcək. Yunanıstanın Afinaya 130 milyard dollar səpələmiş Avropa Sabitlik Mexanizminə çıxışı olmayacaq. AB üzvü kimi Avropanın yoxsul regionlarına milyardlar verən fondlardan isə pul ala biləcək".

Müəllif daha sonra yazır ki, "Cənab Tsipras-a heyran olmamaq mümkün deyil. Dediyini elədi və qazandı. Nağd pul da alacaq, borcunu da restrukturizasiya etdirəcək. Az islahat aparacaq, büdcəni da az sıxacaq.

Bəs, itirən kim oldu? Avropa. Afina belə edə bilirsə, Lissabon və Madrid niyə eləməsin ki?

Yunanıstan iqtisadiyyatı AB ÜDM-nin 2%-ni təşkil edir. Onda nə böyük işdi ki? Avropa Yunanıstana yardımı saxlaya bilər. Avropa Yunanıstana yalnız bir şeyə məcbur etməlidir: əlavə xərcləri kəsməyə və bazar-əsaslı islahatlar həyata keçirmək."