Azərbaycanlılar və tük

Ziya F.M.

- "..Hər şey bezdirir. Kimi içkiyə, kimi kənarda sevgiyə, kimi işə qurşanır ki, fikirləşməsin, yada salmasın, anlamasın. Keçmişi, itirilmiş imkanları, özünün küt (“tük”ün tərsi) vaxtlarını xatırlamasın..."

Ziya F.M.

Tük, yaş və ictimai status

Bizim həyatımız tükdən asılıdı.

Tük - bizim ən vacib və zəhlətökən orqanımızdı. Baş qırxılanda dincəlməyimiz, qırxılmış üzlə sevişməyimiz, keçəlliyimizdən utanmağımız, qız çıxmayanın başını qırxıb eşşəyə mindirməyimiz, telimizi darayıb özümüzə sığal verməyimiz, donuzdan qənimət kimi tük qopartmağımız, tükü - tükdən seçə bilmək bacarığımız, miqdarın çoxluğunu tüklə hesablamağımız, fəsilləri üzü tüksüz kosaya, saqqallı keçiyə bənzətməyimiz, hətta ayı-günəşi də saçlı-saçsız, tüklü-tüksüzə ayırmağımız bizim tükə nə dərəcədə aludə olmağımızı, onu nə dərəcədə vacib saydığımızı göstərir. Bəlkə tüklü həyatımıza bir nəzər salaq?!...

Ətcəbala

- Sən heç nəsən. Adi ət parçası. Gözün var - görmür, qulağın var - eşitmir. Əlin var - tutmur. Ayağın var - yerimir.

Başın var - tərtəmizdir, əmməkdən, sormaqdan və ifrazatdan başqa heç bir funksiyan işləmir, başdan - ayağa instinktlərin diktəsindəsən.

Yüngül, quş lələyinin ucu kimi yumşaq tüklərin var, rəngi o qədər də bilinmir, ağdımı, qırmızıdımı, ümumiyyətlə tükdümü? Məlum deyil. Bunlar hamısı töküləcək, yerinə başqaları çıxacaq... bir azdan.

Fərqi yoxdur, qız ya oğlan.

Keçəl

- Birinci süni keçəllik. Təbiətin çıxardığı birinci tükləri qırxmaq adətdir. İnanclara görə, baş qırxılanda yerinə daha yaxşı, daha sağlam tüklər çıxır. Qısa saç , əlbəttə ki, uzun saçdan daha möhkəm olmalıdı.

Balaca qızların həyatlarında yeganə rəsmi qəbul olunmuş keçəllik dövrü. Sonralar bunun heyfini ərlərinin başını dəng və keçəl eləməklə çıxacaqlar.

Tərli Bığ yeri

- Əvvəlllər daha çox tərləyən yerlərdən tük çıxmağa başlayır. Hormonların oynadığı, başın xarab, səsin kobudlaşdığı, nəm sonluqlu erotik yuxuların çoxaldığı, adda - budda, burun və qoltuq altından, güngörməzdən, az əl dəyən yerlərdən qıvrım, düz, seyrək tüklərin yavaş-yavaş çoxaldığı dövr başlayır.

Qızlar hələlik saç uzadırlar. Sonra kəsəcəklər uclarını, sonra bir az yuxarıdan, sonra düz saçı olan buracaq, qıvrım olan düzlədəcək, qara olan saraldacaq, xına qoyub qızardacaq, hətta mavi, yaşıl, qəhvəyi rənglərə belə, boyayacaqlar. Hələlik hörükdədirlər, hələ kəkil çıxarmayıblar.

Amma burnunun altında çirkli yerin çoxaldığı oğlanlara naz, göz - qaş eləməyi öyrənirlər yavaş-yavaş.

İkinci qırxım dövrü

- Hər şey dəlləyin saçqırxan maşını bir az da aşağıya doğru sürütləməsindən və gələn dəfəki saç qırxımına qədər üzün tüklənməsindən başlayır.

Bəziləri isə bu tük gec çıxdığına, başqalarına nisbətən tükün az olmasının mənəvi-psixoloji əziyyət verdiyinə görə süni yolla, zorla tüksüz üzə ülgüc vurmağa başlayırlar.

Hətta sinəsini qırxanlar da olur. Qoltuq altından isə vəhşi iylər ətrafı bürüməyə başlayır. Xüsusən də ictimai nəqliyyatdan istifadə edən təmizkarlar üçün kiminsə tüklü və iyli qoltuq altını məcburi iyləməsi heç də ürəyaçan olmur.

Qızlarda hormonla bağlı pis qoxular əmələ gəlir. Ətir zavodunun çənlərində çimizdirsən də bu iy çəkilmir ki, çəkilmir. Onların da (əsasən də bizimkilərin) müxtəlif yerlərində xırdaca sarı-sarı tüklər əmələ gəlməyə başlayır.

Sonralar bu tüklər bir az qaralanda sapdartma üsulu ilə bu tüklər qoparılmağa başlayacaq və bu mübarizə qadınların bütün həyatı boyu davam edəcək.

Amma hələlik onlar sarımtıldılar və xırda tük sahiblərinə vurulanlar hələlik tükü-tükdən seçə bilmirlər. Hormonlar imkam vermir.

Birinci, mifik və yeganə Ağ tük

- Artıq gündəyməzində tük olanlar silklərə bölünməyə başlayırlar. Kiminsə bəxti gətirisə, deməli onun g.tündə ağ tük var.

İnstituta girə bilmək savadla yox – ağ tüklə, işə düzəlmək rüşvətlə yox - ağ tüklə, ordudan yayınmaq saxta düzəldilmiş xəstəlik kağızı ilə deyil - ağ tüklə, varlı kiminsə qızı ilə evlənmək sevgi ilə yox - ağ tüklə (!) bağlanılır. Siyahını uzatmaq olar, amma lazım deyil, özünüz əlavələr edərsiniz.

Tük soyqırımı

- Qızlarda gəlinlik dövrü ərəfəsidi. Bircə günün içində gözə görünən bütün yerlərdən bütün tüklər dartılır. Əsas da qaşların alt tərəfindən. Bəzilərində döşlərinin arasından.

Ayaqlar qırxılır. Yumşaq yerdən bir az yuxarıda, beldə yerləşən tüklərə fikir verilmir. Onsuz da arxası üstə uzanacaq toy gecəsi.

Toy günü o qədər də fikir verilməyən qaşaltı, səhərisi gün gecə gördüyü şeydən dəhşətli dərəcədə qorxmuş, heybətlənmiş qadının (artıq qadının) halına yanmaq istəyi doğurur.

Saçı qısa vurulmuş, üzü tərtəmiz - kökündən qırxılmış kişi (artıq kişi... guya!) isə sonralar gecə yatağa girməmişdən əvvəl üzünün qırxılıb - qırxılmamasına o qədər də fikir verməyəcək. Çünki sabah işə gedəndə üzü təmiz qırxılı olmalıdı.

Gecə qırxsa səhər qırxa bilməyəcək və işdə təzə qırxılmış üz təsiri də buraxa bilməyəcək. Bunun altını isə, sözün birbaşa mənasında arvad çəkəcək.

Bütün yerdə qalan həyatı boyu (seksual dövr) qırxılmamış, nanəcib kişi üzü onun nəcib üzünü gah qızardacaq, gah deşəcək, gah dərisini cıracaq.

Dekorativ üsullar (krem, pudra) bunun görünən tərəflərini aradan qaldırsa da, ilk qısqanclığın cücərtiləri qadının ürəyində ilk xallarını salacaq.

Qadın ərinin işinə yavaş-yavaş nifrət eləməyə başlayacaq. Bir az keçəndən sonra ilkin nifrət mənbəyi yaddan çıxacaq və qadın kişinin işinə və qazancına patoloji nifrət eləməyə başlayacaq. Səbəbsiz!

Tüklənmə dövrü

-“ Qıllanma” variantı da var. Yəni, qazanc dövrü. Pul qazanmaq hər tüklüyə nəsib olur! Kiminə az, kiminə çox. Amma həmişə olduğundan bir az artıq qazanılan müddət də olur.

“Tüklənibsən deyəsən” ifadəsi bu mərhələyə aiddir. Onda adam bir balaca qudurur, pulu sağa, sola xərcləyir.

Çox az adam tapılar ki, bu müddət ərzində özünə, gələcəyinə gün ağlasın. Həmin vaxt ona elə gəlir ki, bu heç vaxt sona yetməyəcək.

Sonradan özünün nə qədər ağılsız olduğunu, pullarını boş-boş şeylərə küllədiyini yada salıb, “müsəlmanın sonrakı ağlı” ifadəsi ilə özünə təskinlik tapıb, “hamı mənim kimi axmaqdı” fikri ilə rahatlanacaq.

Eləsi də olacaq ki, ikinci süni keçəllik dövrünü yaşayacaq. Çox da uzaq olmayan yerdə, divarları hündür, kənarlarında silahlı gözətçilər olan sakit yerdə axırıncı – onu bura gətirib çıxaran - hadisələri hər gecə yada salıb, təkrar-təkrar “ağ tük”ünün olmamasından əziyyət çəkəcək.

Hətta ola bilsin, içəridəki bəzi şeyigöyçəklər, onun ağ tükünün olmamasını dəqiq biləcəklər.

Qadınların saçının isə ikinci “soyqırım” dövrü başlayacaq. Uzatma, qısaltma, rəngləmə, saraltma saçı bir günə salacaq ki, bəziləri süni saç sisteminə keçəcəklər.

Saçuzatma, şinyon, qotur saç düzümünü müxtəlif üsullarla tam örtmək və s.

Tükbərkiyən dövr

Gözün aşağı hissəsindəki, burnun pərlərindəki, qulağın içindəki, bəzi hallarda isə hətta çölündəki yumşaq, qısa, sarımtıl, gözəgörünməz tüklər qaralmağa, uzanmağa və çoxalmağa başlayır.

Öz gözün zəiflədiyindən başqaları bu tükləri səndən yaxşı görür. Bu, hələ yerdə baş verənlərdi.

Kosmonavt Titovdan soruşanda ki, kosmosda hər hansı fizioloji dəyişiklik baş verirmi, cavabında demişdi ki, adam heyvan kimi yumşaq tüklərlə örtülür (человек покрывается мягким пушком, как зверек).

Bizim bir nağılımız var – “Qıllıca”. Orada azıb meşədə qalan adam bir neçə müddətdən sonra tüklə örtülür. Elə ona görə də nağılın adı Qıllıcadır.

Sürtünmə , ümumdünya cazibə qanunu və əyində pal – paltar olmasaydı, bu dövrdə çox adam ya kosmonavt, ya Qıllıca , ya da Darvindənqalma ulu əcdadları kimi yumşaq heyvani tüklə örtülərdi yəqin ki!

Köməyimizə gələn yanlız dəlləklərin uzanan qaşları qayçılaması, qulaqlardan çıxanları pambıqla yandırması olur.

Bəziləri bununla bacarmadıqlarını görüb başını buraxırlar. Qulaq olur cəngəllik. Burundan fırtılıq qarışıq tüklər çıxır. Həyatda tutulan yer də bərkiyir.

Artıq hər şey aydındır. Arvad-uşaq, dost - tanış da bərkiyən tüklər kimi adamı bürüyür.

Can sıxılır, orta yaş krizisi başlayır. Hər şey bezdirir. Kimi içkiyə, kimi kənarda sevgiyə, kimi işə qurşanır ki, fikirləşməsin, yada salmasın, anlamasın. Keçmişi, itirilmiş imkanları, özünün küt (“tük”ün tərsi) vaxtlarını xatırlamasın.

Qadınların uzun illər qopardığı tüklərin yerinə artıq heç nə çıxmır. Başlayırlar yerinə rəng döydürməyə, rəsmxətt dərslərini yada salmağa, təbiətin verdiyi cizgiləri dəyişdirməyə.

Ağarma

- Ay saqqalın ağarsın! Ağsaqqal!

Tük ağardıqca, ətrafdakılar sənə “ağsaqqal” deyə müraciət etdikcə ağıl artmaqdan daha çox azalmağa doğru ilkin addımlarını atır.

Saçı ağaran elə bilir ki, qocalmağın özü elə ağıl nişanəsidi. Ay-hay! “Cavanlıqda da bir pox deyildim” ifadəsinin müəllifi Molla Nəsrəddin demiş, cavanlıqda axmağın yekəsi olmusansa, qocalıqda nəyə görə ağlın artmalıdı?!

Təcrübə? Öldür məni, inanmaram! Ömrü boyu nə düz əməlli oxuyub - yazmayan, nə gəzdiyi yerlərdə dükandan başqa heç bir yerə girməyən, axmaq ara mahnılarına qulaq asan, hind filmləri ilə böyüyən, uşaqlıqdan kənddə-kəsəkdə gördüyündən başqa heç nəyi qəbul etməyən yaşlı ... dünyaya, aləmə, yeniliyə, inkişafa hələ açıq olan uşaqdan niyə ağıllı olmalıdı?

Əgər bütün saçı ağarmışlar cavanlardan ağıllı olsaydı, biz hələ də Azıx mağarasında, üstündə “ritual xətt”lərin olduğu qadın alt çənə sümüyünün yanında yaşayırdıq.

Ağarmanın sonrakı mərhələləri bizdə tam öyrənilmədiyindən onları ayrıca göstərməyə , haqqında danışmağa ehtiyac yoxdu. Ağbığ, Ağsaç, Ağbaş, Ağqaş, Ağsinə...

Rəngli ağbirçəklər...

Həyasız, ağzı qarğışlı, ömrünü sevmədiyi ər üçün, onu atıb gedəcək uşaqlar üçün sərf etmiş, paltar yuyub sərmiş, ütüləyib yığmış, ancaq toya və vaya gedib öz missiyasını tamamlamış, sonuncu məhəbbətləri olan nəvələri tərəfindən ancaq məişətdə lazımlıq dərəcəsində sevilən, vaxtından tez qocalmış, məhəllədə yığışıb onun-bunun həyatını, şəxsi münasibətlərini müzakirə etməkdən yorulmayan qarılar isə ancaq ağarmış saçlara hərdənbir həna yaxmaqla başlarını girləyirlər.

Süni xidməti keçəllik

Bəzi “iş”lərdə qırxıq baş tələb olunur. Əsasən ağıl az, güc çox lazım olan yerlərdə. Mühafizə, cangüdənlik, kiminsə bədənini öz bədəni ilə qorumaq lazım olanda, güclü əzələsi, az intellekti və qırxıq başı olanlar qabağa çıxır.

Qəribə təzaddı. Alimlərin dediyinə görə, saç yaddaşın bir hissəsini saxlayır. İndi özünüz fikirləşin... Yaddaşın bir hissəsini itirmiş cangüdən və ya mühafizəçi tüksüz küt başla sahibini hansı ağılla qoruyacaq?

Qadınları bu işlərə qoşmurlar. “Əsgər Ceyn” bizdən deyil.

Sonuncu Süni keçəllik

Əvvəllər belə şey olmazdı. Nəsə heç kim belə eləmirdi. İndi dəbə düşüb. Dünya - aləm dəyişəndən, müstəqillik alınandan (ya da veriləndən) sonra yeni zümrə adamlar əmələ gəlməyə başladı.

Sonralar bu müstəqillik bir də - bu dəfə daxilən alındı, amma bu başqa söhbətin mövzusudu.

Tüklənmə - pullanma... keçəlləşmə - pullanma ilə əvəz olundu. Pulu olan , vəzifəsi olan (əsas bankirimizi demirəm, onunku fitri - anadangəlmədi) başladı yarımkeçəlini daz qırxdırmağa.

New - Azərilər nəsli yarandı. Keçəl, pullu, vəzifəli, imkanlı, əlaqəli. Yəqin nağıllar dövrünün hər şeyi bilən, hamıyla dil tapmağı bacaran, sudan quru çıxan, dəyirmanın yuxarısından ölü düşüb aşağısından diri çıxan, hətta padşaha da kələk gəlməyi bacaran milli qəhrəmanımız Keçəl boş yerə bu millətin dilinə düşməyib. Keçəl başlı Bacaranlara Tüklü başlar qurban!

Qadınların işi - gücü isə hər hansı bir problemə görə saçyolmasına çıxmaqdan ibarətdir. Bu zaman deyilən sözlərin, qarğışların nə sayı - hesabı, nə də bayağılıq dərəcəsini heç kim nə ölçə , nə də siñirə (həzm edə) bilməz.

Saç tökümü və ya Sonuncu keçəllik

Artıq hər şey itirilib. Oğul - qız (böyütdüklərin, əllərini çörəyə çatdırdıqların) səni bəyənmirlər.

Nəvələrin sənin başına çıxır. Nəticən varsa, adlarını yadda saxlaya bilmirsən. Nəinki onların adlarını, hətta öz uşaqlarının da, qardaş – bacının da adlarını yaddan çıxara bilərsən.

Qırxılmış üzünün bir tərəfində bir cəngə tükü görməyə də bilərsən. Başının ortasında çoxdan tük adına heç nə yoxdur. Qurumuş, cadar-cadar olmuş boynunda qalan tüklər də heç kimə lazım deyil.

Tez - tez cavanlıqdakı gur, daraq götürməyən, ancaq barmaqlarla birtəhər yatırılan saçların düşür yadına.

İtirilmiş başda itirilmiş tüklər o qədər də vacib olmasa da , hər halda hər ikisinin yenə bir yerdə olması pis olmazdı...

Nənələrin tükləri dolmadan çıxır.

Sahibindən çox yaşayan tüklər...

Öldün... Səni yudular... Bükdülər... və tələm - tələsik basdırdılar. Sən artıq yer üzündə yoxsan.

Yaddaşlarda qoca, tüksüz, üzüqırışlı, dişi tökülmüş, yaddaşı zəifləmiş, əl - ayağa dolaşan , özünü körpə uşaq kimi aparan, heç kimə lazım olmayan, heç nəyə yaramayan məxluq kimi qaldın.

Keçi öldü, qoturu da kəsildi. Amma sənin yanlız bir funksiyan hələ işləyir. Tük bitirmək bacarığı. Öləndən bir neçə müddət sonra da tüklər çıxmağa davam edir.

Sən - üzü tüklü ölüsən. Tük səndən heç olmasa bir neçə gün çox yaşayır. Üzü sulu ikən getmək, başqa sözlə desək, vaxtında ölməyin özü də bir kişilikdi. Amma xeyri yoxdur. O dünyaya üzü sulu yox, üzü tüklü gedəcəksən.

Vaxtında ölməyin özü də bir gözəllikdi!!!

Sözardı:

Bütün fantastik əsərlərdə yadplanetlilər tüksüz təsvir olunurlar. Keçmiş haqqında danışılanda isə bəni-adəm daha çox tüklü təsəvvür edilir (meymunlardan iraq ).

Biz hardasa vəhşi keçmişimizlə ağıllı gələcəyimizin ortasındayıq. Demək, inkişaf da tükdən asılıdı...

Tük - inkişafın göstəricisidir!