Rusiya prezidenti Vladimir Putin deyib ki, Donald Trump hakimiyyətə gəldikdən sonra Rusiya ilə ABŞ arasında etibarın səviyyəsi azalıb.
Bu barədə AzadlıqRadiosu aprelin 12-də Kremlin rəsmi saytına istinadla məlumat yayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Rex Tillerson aprelin 12-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparır.
Putin deyib ki, Rusiya ilə ABŞ arasında etibarın səviyyəsi işçi səviyyədə, xüsusilə də hərbi səviyyədə yaxşılaşmayıb və yəqin ki, pisləşib.
Putin həmçinin qeyd edib ki, ABŞ-ın dediyi kimi Suriyadakı kimyəvi hücuma görə prezident Bashar Assad cavabdehlik daşımır.
Xatırladaq ki, aprelin 4-də Suriyanın İdlib əyalətində törədilən həmin hücumda onlarla dinc sakin ölüb.
Putin deyib ki, Rusiya iki versiyanı daha inandırıcı sayır.
Bu ya Suriya təyyarələri üsyançılara məxsus bazanı bombalayanda baş verib, ya da ki, bu hücum sadəcə quraşdırılıb.
Putinin sözlərinə görə,”bu təxribat” Suriya hakimiyyətinə təzyiqləri gücləndirmək üçün bəhanə axtarmağa da yönələ bilər.
Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri bu hücuma görə Bashar Assad rejimini günahlandırır.
Suriya hakimiyyəti və Rusiya ittihamı rədd edirlər.