Avropa Birliyi ilə müzakirələr başlayır

Herbert Salber

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Herbert Salber-in Bakıya səfəri gözlənir.

«Turan» agentliyi xəbər verir ki, xüsusi elçi aprelin 18-də Bakıya gələcək. Aprelin 19-da onun rəsmi görüşləri başlayacaq.

H.Salber-in ölkə rəhbərliyi ilə görüşü planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan-Avropa Birliyi əlaqələri əsas müzakirə mövzusu olmalıdır.

Xüsusi elçinin səfəri aprelin 20-də başa çatacaq.

Onun səfərindən bir neçə gün sonra isə Bakıda, Xarici İşlər Nazirliyində Azərbaycan-Avropa Birliyi arasında yeni saziş layihəsinin müzakirəsinə başlanacağı bildirilir. Bu yeni saziş layihəsi ilə bağlı birinci substantiv müzakirə olacaq.

Bundan ötrü aprelin 24-də Avropa Birliyinin xüsusi heyəti Bakıya gəlməlidir. Azərbaycanın hazırlayıb təqdim etdiyi saziş layihəsi danışıqlar masasının əsas sənədi olacaq.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxil idi. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə Assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

Bundan əvvəl tərəflər fevralda Brüsseldə bir araya gəlmişdilər.