ABŞ prezidenti Donald Trump polşalı həmkarı Andrzej Duda ilə görüşdən sonra Polşanın Rusiya qazından asılı olmamasına kömək vəd edib.
Bu barədə iyulun 6-da Azadlıq Radiosunun müxbiri Varşavadan xəbər verir.
Polşa prezidenti bildirib ki, görüşdə Şərqi Avropa və ümumilikdə regionda təhlükəsizlik məsələləri, həmçinin bu il Belarusda keçiriləcək “Zapad-2017” hərbi təlimləri müzakirə olunub.
Duda bildirib ki, Donald Trump Polşanın təhlükəsizliyi haqda çox ciddi düşünür.
O, ABŞ-ın Polşanın loyal müttəfiqi olduğunu vurğulayıb.
Qeyd edək ki, artıq Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri gəlib.
Bundan başqa tərəflər iyulun 6-da Varşavada ABŞ istehsalı olan “Patriot” raket sistemləri alınması ilə bağlı memorandum imzalayıblar.
Prezidentlər birgə mətbuat konfransından sonra “3 dəniz təşəbbüsü” qrupu ölkələrinin sammitinə yollanıblar.
Bu qrupa Baltik, Adriatik və Qara dənizə çıxışı olan 10-dan çox ölkə daxildir.
Donaldd Trump “Böyük 20-lər ölkələri”nin sammitinə qatılmaq üçün günün sonunda Varşavadan Hamburqa yollanacaq.