Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili deyir ki, Rusiya prezidenti Vladimir Putin Moskva ilə Qərb arasındakı gərginlik nəticəsində sonda tam “beynəlxalq təcridlə” üzləşəcək.
O, avqustun 7-də Polşada Azadlıq Radiosuna müsahibəsində həmçinin deyib ki, Rusiya müxalifəti yəqin ki, sonda üstün gələcək.
“Sonda Putin tam beynəlxalq təcrid vəziyyətə düşəcək, çünki Moskva ilə Qərb arasındakı gərginlik sürətlə artır”, Saakashvili deyib.
Saakashvili həmçinin bildirib ki, Rusiyanın daxilində ciddi müxalifət var . O bunu deyərkən xüsusilə gəncləri nəzərdə tutduğunu bildirib və müxalifət fəalı Aleksei Navalny-nın çağırışı ilə bu yaxınlarda Rusiyada keçirilən etirazlara işarə edib.
Saakashvili etiraf edib ki, Rusiya müxalifəti hələlik azlıqdadır, amma artıq indi rusiyalıların əksəriyyətinin mənəvi dəstəyini qazanıb.
Qeyd edək ki, həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru olan Saakashvili Ukrayna vətəndaşıdır.
Ukrayna hakimiyyəti bu yaxınlarda onu vətəndaşlıqdan məhrum edib.O, Polşaya Birləşmiş Ştatlardan gəlib.
Qeyd
Gürcüstanın keçmiş prezidenti olmuş Mikheil Saakashvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında Ukrayna prezidenti Petro Poroshenko-nun əmri ilə alıb. Bundan sonra Poroshenko onu Odessa vilayətinə qubernator təyin edib.
Amma o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.
Gürcüstanda hazırki hakimiyyət tərəfindən prezidentliyi dövründə dövlət vəsaitini dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Saakashvili-ni Ukrayna vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığından məhrum ediblər.