Ukrayna öz telekanallarının ilhaq edilmiş Krım ərazisində yayımlanmasını testdən keçirir.
Azadlıq Radiosu Rusiya xidmətinin avqustun 17-də yaydığı məlumata görə, bu barədə Ukraynanın televiziya və radio yayımı üzrə milli şurasının üzvü Sergei Kostinski məlumat yayıb.
Bunun üçün Ukraynanın Herson vilayətindəki Çonqar kəndində xüsusi televiziya qülləsi tikilib.
Söhbət rəqəmsal “Çernomorskaya TRK”, İCTV, “5-ci kanal” və “Canlı kanal-dan gedir.
Hazırda Krasnoperekopsk və Çankoy rayonları Ukrayna televiziya kanallarının proqramlarına baxa bilirlər.
Kostinski deyir ki, indi yayım şəbəkəsi genişləndirilə və ora daha 5 televiziya kanalı əlavə edilə bilər.
REGNUM agentliyinin məlumatına görə isə Krımın daxili siyasət, informasiya və rabitə məsələləri üzrə naziri Dimitri Polonski, Kiyevin Krım ərazisində yayım cəhdinin uğursuz olduğunu deyib.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı Ukraynaqdan ilhaq edib.
Bundan başqa hazırda Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında toqquşmalar gedir.
Beynəlxalq aləm buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Qərb və Kiyev Rusiyanı işğalçılıqda və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamları rədd edir.