Məhbusların qaçışı ilə bağlı rəsmi açıqlama
Baş Prokurorluq və Ədliyyə Nazirliyi iki məhbusun qaçması ilə bağlı bu gün, oktyabrın 25-də birgə məlumat yayıblar.
Mətbuatda bildirilir ki, oktyabrın 23-ü Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta gətirilən ağır cinayətlərlə təqsirləndirilən Etibar Məmmədov və Əli Ağami Biləcəri qəsəbəsində qaçıblar.
“Xidməti yoxlamaya əsasən vəzifə borclarını yerinə yetirmədiklərinə görə, Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib. Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar”, - məlumatda yazılır.
Məlumatda vurğulanır ki, Faktla bağlı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həbs yerindən qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
“İlkin istintaqla müəyyən edilib ki, E.Məmmədov və Ə.Ağamiyə münasibətdə "Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar"ın tələblərinə riayət olunmayıb və bu da təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.
Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub.Onlar barələrində həbs qətimkan tədbiri seçilib”.
Məlumatda qeyd edilir ki, E.Məmmədov və Ə.Ağaminin axtarışı davam edir.
* * *
Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (PX) 3 əməkdaşının həbs edildiyi bildirilir.
APA-nın xəbərinə görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanovdur.
Xəbərdə bildirilir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə bu gün, oktyabrın 25-i keçirilən prosesdə həmin şəxslər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta gələn iki məhbus qaçıb. Onlar Etibar Məmmədov və Əli Ağami olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 304.2-ci (həbsdən mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Qaçanların isə hələ ki, tutulmadığı bildirilir.