PX: 'Qaçan məhbuslardan biri tutulub'

Məhbuslar üçün vaqon ()arxiv fotosu)

Əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-ü Bakı-Astara-Bakı qatarından qaçan iki məhbusdan birinin saxlanıldığı bildirilir.

Bu haqda bu gün, oktyabrın 26-sı Penitensiar Xidmətin press-relizində bildirilir.

Xidmət vurğulayır ki, planlı dəmir yolu qarovulu ilə Bakıya gətirilən zamanı qaçan məhbuslardan Əli Ağami Şirvan şəhərində tutulub.

1989-cu il təvəllüdlü məhbus Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 228 (qanunsuz silah saxlama) maddələri ilə cəza çəkir.

Buna da bax:​ Məhbusların qaçmasına görə tutulanlar və işdən azad olunanlar var [yenilənib]

Penitensiar Xidmət bildirir ki, Əli Ağami istintaq təcridxanasına yerləşdirilib.

Xidmət digər qaçan məhbus Etibar Ələkbər oğlu Məmmədovun axtarışı ilə bağlı tədbirləri davam etdirir. O, isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu.

Xatırlatma

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta gələn iki məhbus qaçmışdı.

Etibar Məmmədov və Əli Ağaminin qaçması ilə bağlı Cinayət Məcəlləsinin 304.2-ci (həbsdən mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Qaçan iki məhbusa görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (PX) 3 əməkdaşının həbs edildiyi bildirilir. Onlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanovdur.

Nəsimi Rayon Məhkəməsinin həmin şəxslər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdiyi bildirilir.

Üstəlik, bu məsələ ilə bağlı xidmətdən 11 nəfərin də işdən çıxarıldığı açıqlanıb.